Milli Məclisin buraxılması ilə bağlı QƏRAR VERİLDİ

Milli Məclisin buraxılması ilə bağlı QƏRAR VERİLDİ Konstitusiya Məhkəməsi Plenumunun iclası müşavirədən sonra davam etdirilib.
İclasda qərar elan olunub.
Qərarı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oxuyub.
Plenum iclasının yekunu olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul olunub.
***
Konstitusiya Məhkəməsi Plenumunun iclasında dinləmələr başa çatıb.
Məhkəmə heyəti qərar verməsi üçün müşavirəyə gedib.
Müşavirədən sonra məhkəmənin qərarı elan olunacaq.
***
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.
İclasda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılır.
İclasda məruzəçi - hakim Rafael Qvaladze, iclas katibi isə Fəraid Əliyevdir.
Konstitusiya Məhkəmə icraatında iştirak edən tərəflər isə aşağıdakılardır:
Sorğu verən tərəfin nümayəndəsi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov,
Cavab verən tərəfin nümayəndələri – Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli,
Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev.
Ekspert isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin Konstitusiya hüququ kafedrasının dosenti, Hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürovdur.
***
Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.
İclasda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılacaq.
Qeyd edək ki, noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb və bu məsələ ilə əlaqədar iclasın çağırılmasını xahiş edib.
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var.
Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə" Qərar qəbul edib. Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Dekabrın 2-də, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb.

Tehsil-press.az


Oxşar xəbərlər