Azərbaycan Universitetində akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi qeyd edilib

Azərbaycan Universitetində akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi qeyd edilib Azərbaycan Universitetində “Böyük alim Məmməd Cəfər” adlı tədbir keçirilib.
Tədbir Prezident İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Sərəncamına əsasən təşkil olunub.
Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə Məmməd Cəfər Cəfərovun ədəbiyyatşünaslığımızda Azərbaycan romantizminin nəzəri əsaslarını, ideya xüsusiyyətlərini, dünya romantizmi ilə oxşar və fərqli cəhətlərini, romantik lirikanın hansı imkanlara malik olduğunu müəyyənləşdirən alim kimi xüsusi yer tutduğu qeyd olunub. Həmçinin yaradıcılığının müxtəlif mərhələ və aspektlərinə toxunulub, Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatına yaxınlaşmasında xidmətləri və irsinin öyrənilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova alimin həyat və yaradıcılığından söz açıb. Bildirib ki, Azərbaycan ədəbiyyatşünaslıq elmində akademik Məmməd Cəfər Cəfərovun müstəsna xidmətləri vardır. Azərbaycan-rus ədəbi əlaqələri, Azərbaycan və Avropa klassik ədəbi irsi, romantizmin tədqiqi və bu kimi mövzulara həsr olunmuş 30-dan çox monoqrafiya, kitab, dərslik, 300-dən çox məqalə onu tənqidçi, ədəbiyyatşünas-alim kimi səciyyələndirir. Onun “Rus ədəbiyyatı tarixi oçerkləri”, “Rus klassikləri” və üçcildlik “XIX əsr rus ədəbiyyatı tarixi” dərslikləri, “Klassiklərimiz haqqında”, “M.F.Axundovun ədəbi tənqidi görüşləri”, “Ədəbi düşüncələr”, “Füzuli düşünür”, “Hüseyn Cavid”, “Azərbaycan ədəbiyyatında romantizm”, “Cəlil Məmmədquluzadə”, “Estetik zövq haqqında, “Mütəfəkkirin şəxsiyyəti”, “Estetik tərbiyə, ailə və məktəb”, “Həyatın romantikası”, “Sənət yollarında”, “Nizaminin fikir dünyası” və digər kitab və monoqrafiyaları Azərbaycan ədəbiyyatşünaslığı tarixində öz elmi sanbalını, aktuallığını bu gün də saxlayan əvəzsiz mənbələrdir. Zəngin və çoxşaxəli elmi fəaliyyəti ilə yanaşı, akademik Məmməd Cəfər Cəfərov bədii yaradıcılıqla da məşğul olub. O, “Zurnaçı”, “M.N.”, “Dəmdəməki”, “Zorən təbib”, “M.Zeynaloğlu” imzaları ilə hekayələr çap etdirib, miniatür, novella, povest janrlarında qələmini sınayıb.
Azərbaycan Universitetinin professoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev çıxışında Məmməd Cəfərin tələbəsi olmasını qeyd edərək onunla bağlı xatirələrini bölüşüb. Kamran Əliyev akademikin həyat yolunda acılı-şirinli günlərindən, repressiya dövründə təqiblərə məruz qalmasından, müəllimlik fəaliyyətindən söz açaraq deyib: “Hər bir insan öz həyatında qazandığı uğurlara görə, ilk növbədə, öz müəllimlərinə borcludur. Bu baxımdan mən qürurla deyə bilərəm ki, mənim müəllimim Məmməd Cəfər olub”. Kamran Əliyev bildirib ki, Məmməd Cəfər Cəfərov həm pedaqoji sahədə, həm də elmi kadrların hazırlanması istiqamətində təqdirəlayiq işlər görüb. O, apardığı tədqiqatlar ilə Azərbaycan ədəbiyyatşünaslıq elminə böyük töhfələr verən görkəmli alimdir.
Filologiya üzrə elmlər doktoru, professor Asif Hacıyev çıxışında Məmməd Cəfərin Azərbaycan ədəbiyyatşünaslığında və fikir tarixindəki yeri, əsərlərinin əhəmiyyəti, elmi xüsusiyyətləri haqqında məlumat verib. O, Məmməd Cəfər Cəfərovun publisistik fəaliyyətinin də tədqiq edilməsinin əhəmiyyətini vurğulayıb.
Sonda tələbələrin sualları cavablandırılıb.

Mətbuat Xidməti


Oxşar xəbərlər