AMEA-nın İctimai Elmlər Bölməsi hesabat verib

AMEA-nın İctimai Elmlər Bölməsi hesabat verib Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tehsil-press.az xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib. Sonra AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundovanın “İctimai elmlər üzrə tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda məruzəsi dinlənilib. Alim son illər ictimai elmlərin müxtəlif istiqamətləri üzrə aparılan tədqiqatların vəziyyəti və inkişaf perspektivləri, əldə edilmiş elmi nəticələrə dair təqdimatla çıxış edib. Akademik-katib Azərbaycanın tarixi və iqtisadiyyatı, hüquq elmi, respublikamızda, eləcə də Yaxın və Orta Şərq ölkələrində baş verən ictimai, siyasi, sosial-iqtisadi və mədəni proseslə və milli münasibətlərə dair aparılmış tədqiqatlardan danışıb.
Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Bölməyə daxil olan elmi müəssisələrə fəaliyyətlərinin səmərəliliyini yüksəltmək məqsədilə mültidissiplinar proqram və layihələrin hazırlanması, birgə tədbirlərin keçirilməsi, perspektiv elmi istiqamətlərdə magistratura və doktorantura üzrə kadr hazırlığının aparılmasına dair tapşırıqlar verilib.
İclasda Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanından irəli gələn vəzifələrin AMEA-da icrası ilə bağlı məsələlər müzakirə edilib. Akademik Akif Əlizadə iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması yollarını müəyyən edən strateji yol xəritələrinin 2017-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək və ondan sonrakı dövrə hədəfləri özündə ehtiva etdiyini deyib. Akademik iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin tədbirlər planlarında bir sıra dövlət orqanları ilə yanaşı, AMEA-nın da yer aldığını bildirib.
Məsələnin müzakirəsindən sonra ölkə iqtisadiyyatında cari, orta və uzunmüddətli dövrlərdə davamlı inkişafın təmin olunması, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması, Azərbaycan elminin “elm-təhsil-istehsal” zəncirinin, respublikanın insan kapitalının inkişafında fəal iştirakının təmin olunması və digər prioritet vəzifələrin icrası ilə əlaqədar qərar qəbul edilib. AMEA-nın müvafiq elmi müəssisələrinə, eyni zamanda, Rəyasət Heyətinin nəzdindəki bir sıra şöbə, idarə və təşkilatlara iqtisadiyyatının əsas sektorları üzrə yol xəritələrindən irəli gələn vəzifələri müzakirə etmək, habelə yol xəritələrinin icrası ilə bağlı konkret tədbirlər görmək, ölkə iqtisadiyyatı üçün əhəmiyyət kəsb edən işləmə, ixtira və patentləri dəyərləndirmək və müəyyən edilmiş aktual mövzularda tədqiqatları genişləndirmək tapşırılıb.
Tədbirdə “AMEA-nın professoru haqqında Əsasnamə” təsdiq olunub. Məsələ ilə bağlı çıxış edən akademik Akif Əlizadə “AMEA-nın professoru” elmi adının yüksək nailiyyətlər əldə etmiş, uzun illər AMEA-nın əsas funksiya və vəzifələrinin həyata keçirilməsində xidmətlər göstərmiş Azərbaycan alimlərinin əməyinin qiymətləndirilməsi məqsədilə təsis edildiyini vurğulayıb.
İclasda, həmçinin AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının illik hesabatı dinlənilib. Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov 2016-cı ildə AMEA-da gənclərin intellektual potensialının inkişafı, onların elmi və elmi-təşkilati fəaliyyətə daha geniş miqyasda cəlb edilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, ötən müddətdə bilik və qabiliyyəti ilə seçilən gənclərin aşkarlanması və onların ölkənin sosial, mədəni və ictimai həyatında fəallığın təmin edilməsi, eləcə də gənc alimlərin beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin genişləndirilməsi istiqamətlərində xüsusi addımlar atılıb. Məruzəçi gənclərin intellektual potensialının daha məqsədyönlü və səmərəli şəkildə elmi fəaliyyətə cəlb edilməsi üçün görülən işlər haqqında məlumat verib.
Hesabat dinlənildikdən sonra müzakirə edilib. Rəyasət Heyəti AMEA-da gənc alim və mütəxəssislərin beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi, onların elmi nəticələrinin “Springer”, “Elsevier”, “Scopus” və “Tomson Reuters” kimi nüfuzlu beynəlxalq elmi bazalara daxil olan jurnallarda yer alması istiqamətində fəaliyyətinin gücləndirilməsi, innovativ tədqiqat işlərinin aparılması və digər məsələlərlə bağlı tapşırıqlar verib. Tədbirdə şuranın 2017-ci il üçün illik fəaliyyət planı da təsdiq olunub.
Sonda Rəyasət Heyətinin qərarı ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin strukturunda qismən dəyişiklik edilib. Muzeyin ictimaiyyətlə əlaqələr və mətbuat, təhsil, beynəlxalq əlaqələr və dünya muzeyləri şöbələri yaradılıb.

Tehsil-press.az

AMEA-nın İctimai Elmlər Bölməsi hesabat veribAMEA-nın İctimai Elmlər Bölməsi hesabat verib

Oxşar xəbərlər