Akademik Rasim Əliquliyev: “Elm və biznes” proqramının təsis edilməsi planlaşdırılır

Akademik Rasim Əliquliyev: “Elm və biznes” proqramının təsis edilməsi planlaşdırılır AMEA Rəyasət Heyətinin növbəti iclasında elmin populyarlaşdırılması sahəsində akademiya ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin birgə fəaliyyətinin genişləndirilməsi barədə məsələ müzakirə edilib.
Bununla bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev son dövrlər AMEA-da həyata keçirilən çoxprofilli islahatların mühüm istiqamətlərindən birinin ictimaiyyətlə əlaqələrin yenidən qurulması, elmi nailiyyət və biliklərin populyarlaşdırılması olduğunu söyləyib. Qeyd edib ki, həyata keçirilən tədbirlərin davamı olaraq, AMEA Rəyasət Heyətinin 2016-cı il 25 may tarixli qərarı ilə “Elm və innovasiya” elmi-publisistik proqramı təsis edilib. Bu proqram dövlətin elm siyasətinin həyata keçirilməsi, AMEA-nın qarşısında duran vəzifə və tapşırıqların icrası, elmi-innovativ layihələrin geniş müzakirəsi, elmi-texnoloji sferadakı yeniliklərin populyarlaşdırılması və cəmiyyətdə elmə marağın yüksəldilməsi istiqamətində uğurla fəaliyyət göstərir. İndiyədək AzTV-də 60 sayı yayımlanan və hər buraxılışı 45 dəqiqə olan “Elm və innovasiya” proqramında Azərbaycan elminin müxtəlif istiqamətləri üzrə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr respublikanın görkəmli elm xadimləri ilə geniş müzakirə edilib. Proqramda qaldırılan məsələlər aktuallığı, əhəmiyyəti və müasirliyi ilə geniş ictimaiyyətin marağına səbəb olub və elmi-intellektual auditoriyanın rəğbətini qazanıb.
Rasim Əliquliyev əlavə edib ki, bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi “Elm və innovasiya” proqramının auditoriyasının genişləndirilməsi məqsədilə verilişlərin yeni formatda və Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin studiyasında çəkilişi nəzərdə tutulur. AMEA ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti arasında elmin populyarlaşdırılması istiqamətində həyata keçirilən uğurlu əməkdaşlığın davamı olaraq, bir sıra layihələrin, o cümlədən “Elm və biznes” proqramının təsis edilməsi planlaşdırılır. Bu proqram çərçivəsində elmi-innovativ fəaliyyət sahəsində əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması, eləcə də alimlərlə biznes sektorunda çalışan şəxslərin sıx təmasının yaradılması üçün verilişlərin hazırlanması da nəzərdə tutulur.
İclasda qeyd olunanlar nəzərə alınaraq, elmin populyarlaşdırılması istiqamətində fəaliyyətin daha da gücləndirilməsi, ayrı-ayrı elm sahələrinə dair biliklərin geniş ictimaiyyətə çatdırılması məqsədilə AMEA-nın elmi bölmə, müəssisə və təşkilatlarına məsələ ilə bağlı təkliflərini Rəyasət Heyətinə təqdim etmək tapşırığı verilib.

Tehsil-press.az

Oxşar xəbərlər