Nabokovun “Lujin müdafiəsi” romanı Səfər Kəlbixanlının tərcüməsində

Nabokovun “Lujin müdafiəsi” romanı Səfər Kəlbixanlının tərcüməsində Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin dekanı Səfər (Məmmədov) Kəlbixanlı XX əsr rus ədəbiyyatının ən görkəmli və sirli qələm sahiblərindən biri olan Vladimir Nabokovun “Lujin müdafiəsi” romanını Azərbaycan dilinə tərcümə edib. Tərcümə-kitab “Qanun” nəşriyyatı tərəfindən çap olunub.
“Lujin müdafiəsi” romanı dünyanın ən qədim oyunlarından sayılan və Nabokovun özünün də əla bacardığı şahmat haqqındadır. Romandakı impressionizm çalarları, rənglərin zənginliyi, metafora sıxlığı yazıçının bu əsərini də dünya inciləri ilə bir sıraya qoyur. Oyun ehtirası romanın emosional-fəlsəfi poetikasına rəng qatır, onu oxucu üçün daha da maraqlı edir.
“Sebastyan Naytın əsl həyatı”, “Pnin”, “Lolita”, “Obskur kamerası”, “Edama dəvət” kimi çoxsaylı romanlarla məşhur olan şair, nasir, dramaturq Vladimir Nabokov 1899-cu ildə Sankt-Peterburqda zadəgan ailəsində dünyaya göz açıb. 1917-ci il inqilabından sonra Rusiyanı tərk etmək məcburiyyətində qalaraq bir müddət Almaniyada yaşayıb. Lakin yaranmış ictimai-siyasi vəziyyət onu 1945-ci ildə ABŞ-a köçməyə məcbur edib. Burada o, ali təhsil ocaqlarında dünya ədəbiyyatından mühazirələr oxuyub. 1977-ci ildə ABŞ-ın Lozanna ştatında vəfat edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


Oxşar xəbərlər