AMEA-nın Radiasiya Problemləri İnstitutunda maarifləndirici tədbir

AMEA-nın Radiasiya Problemləri İnstitutunda maarifləndirici tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda koronavirus və ona qarşı ilkin profilaktikaya dair maarifləndirici tədbir keçirilib.
Tədbirdə elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva artıq dünyanın bir sıra ölkələrində də qeydə alınmış koronavirus epidemiyasının yayılması nəticəsində yüzlərlə insanın həyatını itirdiyini, yoluxma hallarının getdikcə artdığını diqqətə çatdırıb. Qeyd edib ki, vəziyyətin ciddiliyi nəzərə alınaraq bu virusun Azərbaycana daxil olmasının qarşısının alınması üçün zəruri işlər görülür.
Sonra Yasamal Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkim epidemioloqu Kəmalə Cəlilova koronavirusun yaranması və yayılması tarixindən danışıb. Həkim hazırda bu virusun müalicəsi üçün lazımi vaksinlərin kəşf olunmadığını bildirib. Onun sözlərinə görə, virusun sürətlə digər ölkələrə də yayılması bütün dünyada narahatlıq yaradıb. Həkim epidemioloq bildirib ki, hazırda ölkəmizdə bu epidemiyaya yoluxma halı qeydə alınmayıb və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən müvafiq göstəriş verilib.
Tədbirdə institut əməkdaşlarına epidemiyadan qorunmaq üçün zəruri tədbirlər haqqında məlumat verilib, həmçinin onların sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər