Azərbaycanda “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

Azərbaycanda “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək Cari ilin 2-6 mart tarixlərində Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.
Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində mətbuat konfransı keçirilib.
Konfransda qeyd edilib ki, sözügedən həftə çərçivəsində kibertəhlükəsizlik sahəsinin müxtəlif istiqamətlərinə həsr edilmiş 8 tədbirin təşkili nəzərdə tutulur.
İlk tədbir 2 mart tarixində baş tutacaq “Kibertəhlükəsizlik konfransı” olacaq. Nazirliyin Elektron Təhlükəsizlik Xidmətinin təşkilatçılığı, “Microsoft”, “IS3S”, “Prosol”, “Kaspersky” şirkətlərinin tərəfdaşlığı ilə keçiriləcək “Kibertəhlükəsizlik konfransı”nda günün müasir trendləri və çağırışları nəzərə alınaraq, sahə üzrə yerli və beynəlxalq şirkətlərin yeni kibertəhlükəsizlik həlləri ilə bağlı təqdimatları və məruzələri dinləniləcək.
Martın 3-də “Təhlükəsiz Hökumət Buludu” tədbiri baş tutacaq. “AzInTelecom” MMC tərəfindən təşkil ediləcək “Hökumət Buludu” layihəsinin icrası üzrə görülmüş işlər, məhsullar, xidmətlər və gələcək planlar diqqətə çatdırılacaq. “AZCLOUD” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər barədə təqdimatlar nümayiş olunacaq.
3 mart tarixində keçiriləcək növbəti tədbir dövlət və bank sektorunda çalışan kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün Pentestinq, yəni nüfuz üzrə praktiki seminar olacaq.
Martın 4-də Kibertəhlükəsizlik üzrə Gənclərin İnternet İdarəçilik Forumu keçiriləcək. Tədbirdə daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yolları müzakirə olunacaq.
“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində martın 4-də, həmçinin “Hackathon” (Capture the Flag) müsabiqəsinə start veriləcək.
Elektron Təhlükəsizlik Xidmətinin təşkilatçılığı, “Prosol”, “E&Y” və lisenziya almış şirkətlərin tərəfdaşlığı ilə 5 mart tarixində “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbiri baş tutacaq.
Son olaraq martın 5-də Beynəlxalq Sertifikatlaşdırma təlimi keçiriləcək və 6 mart tarixində “Hackathon” müsabiqəsi üzrə mükafatlandırma mərasimi baş tutacaq.

Tehsil-press.az

Oxşar xəbərlər