Xocalı soyqırımı insanlığa qarşı kütləvi terror hadisələrindən biri kimi tarixə düşüb

Xocalı soyqırımı insanlığa qarşı kütləvi terror hadisələrindən biri kimi tarixə düşüb Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbər və müəllim heyəti Bakı şəhəri 279 nömrəli tam orta məktəbin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı keçirdiyi tədbirdə iştirak edib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Südabə Abdullayeva Azərbaycan xalqına qarşı işğalçılıq və soyqırımı siyasətinin davamı olan Xocalı faciəsinin tarixi faktlarını xatırladıb. Diqqətə çatdırıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının Xocalıya hücumu zamanı azərbaycanlılar xüsusi qəddarlıqla qətlə yetirilib. Qətlə yetirilənlər arasında yaşlı, qadın və uşaqlar da olub. Mülki əhali itkin düşüb, əsir götürülüb, ailələr məhv edilib.
Aİİ-nin rektoru Ceyhun Məmmədov Xocalı soyqırımının insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşdüyünü qeyd edib. O bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə, xüsusi qəddarlıqla qətlə yetiriblər.
Rektoru vurğulayıb ki, gənclərimizin milli-mənəvi köklərimizə bağlı, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır olan, vətənpərvər, mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması üçün belə tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. Qeyd edib ki, bu səpkili tədbirlər, anım mərasimləri Azərbaycan xalqının sıx birliyini, şəhidlərimizin xatirəsinə ehtiramını, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün əzmini nümayiş etdirir.
Tədbir bədii hissə ilə davam edib.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirir.

Tehsil-press.az

Oxşar xəbərlər