Millət vəkili internet tariflərində güzəşt olunmasını təklif etdi

Millət vəkili internet tariflərində güzəşt olunmasını təklif etdi Millət vəkili Naqif Həmzəyev koronavirus təhlükəsi ilə əlaqədar internet tariflərində güzəşt olunmasını təklif edib.
Deputat Tehsil-press.az-a açıqlamasında tətil günlərində provayderlərin gücləndirilmiş iş rejimində işləməsi təklifini irəli sürüb:
“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrindən sonra dövlətimiz tərəfindən vaxtında və düzgün qərarlar verildi və bu virusla əlaqədar əhalini qorumaq məqsədilə müəyyən qadağalar tətbiq olundu. Əhali, xüsusilə də müəllim və şagirdlər daha çox vaxtını evdə keçirirlər və onlar təbii ki, yalnız televiziya verilişləri ilə kifayətlənmirlər. Vətəndaşlarımızın əksəriyyəti internetdən istifadə edir, internet resurslardan faydalanırlar. Ancaq ən çox əhalinin qarşılaşdığı problem internetin sürəti və keyfiyyəti ilə bağlıdır. Bu da təbii ki, aydın məsələdir, internetdən bu qədər yükləmə və istifadə olmamışdı. Qarşıdan da Novruz tətili gəlir. Böyük ehtimalla bizim provayderlərin əməkdaşları tətildə olacaqlar.
Ona görə təklif edirəm, internet provayderlər bu müddət ərzində ən azı, aprelin əvvəlinədək gücləndirilmiş iş rejimində işləsinlər. Bundan başqa, tətil günlərində növbətçi işçilərin sayını artırsınlar. Çünki böyük ehtimalla müraciətlər daha çox olacaq, müəyyən problemlərlə qarşılşacağıq.
Çox istərdim ki, internet provayderlər sürət və trafiklə bağlı müəyyən güzəştlər etsinlər. Bu həm vətəndaşlarımız tərəfindən müsbət qarşılanar, həm də 2 həftə müddətində əhali evdə vaxtını rahat keçirə bilər”.

Tehsil-press.az

Oxşar xəbərlər