Almaniya portalı ölkəmizdə keçirilmiş parlament seçkiləri barədə məqalə yayıb

Almaniya portalı ölkəmizdə keçirilmiş parlament seçkiləri barədə məqalə yayıb Almaniyanın “ostexperte.de” internet portalında “Azərbaycan seçkilərdən sonra. İqtisadiyyat və vətəndaş cəmiyyətinin gücləndirilməsi perspektivləri” sərlövhəli məqalə dərc edilib.
Ölkəmizin Almaniyadakı səfirliyinin sıx əməkdaşlıq etdiyi Urs Unkauf və Matthias Dornfeldin müəllifliyi ilə dərc olunan yazıda fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkilərindən bəhs edilir.
Məqalədə seçkilərdə 19 partiyadan olan 1300-dən çox namizədin 125 mandat uğrunda mübarizə apardığı, 400-dən çox beynəlxalq, 55 mindən artıq yerli müşahidəçinin seçki prosesini müşahidə etdiyi bildirilir. Qeyd olunur ki, namizədlər arasında gənclər və xanımlar, eləcə də müxtəlif etnik və dini qrupları təmsil edən şəxslər çoxluq təşkil edib.
Müəlliflər yeni parlamentə seçilən gənc deputatların ölkədə aparılan islahatlar prosesinə fəal dəstək verəcəklərinə inamlarını ifadə ediblər.
Həmçinin diqqətə çatdırılıb ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Qərb standartlarına uyğun seçki keçirmək istiqamətində mühüm addımlar atıb və buna böyük dərəcədə nail olub.
Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal altında saxlanmasına diqqət çəkən müəlliflər 1992-ci ildə törədilən Xocalı faciəsinin artıq dünyanın 10-dan çox ölkəsi tərəfindən soyqırımı kimi tanındığını vurğulayblar.
Bir çox ölkədən fərqli olaraq Azərbaycanda sinaqoqların təhlükəsizliyinin polis tərəfindən təmin olunmasına ehtiyac duyulmadığını qeyd edən müəlliflər bu mühüm amilin beynəlxalq mətbuatda lazımi səviyyədə işıqlandırılmamasından təəssüflərini ifadə ediblər.
Məqalədə 9 fevral seçkilərinin müasir, çoxmədəniyyətli və dünyəvi Azərbaycan cəmiyyətində demokratik ənənələrin təşəkkül tapması istiqamətində mühüm addım olduğu vurğulanır. Azərbaycanın inkişaf edən iqtisadiyyata malik ölkə və enerji resurslarının Avropaya nəqlində etibarlı tərəfdaş olduğu xüsusilə qeyd olunur. Ölkədə yoxsulluğun cəmi 4,7 faiz, əhalinin internetə çıxışının isə 80 faizdən olmasına diqqət çəkilir, eləcə də Azərbaycanın Dünya Bankının “Doing Business” hesabatında rəqabətqabiliyyətliliyə görə 190 ölkə arasına 34-cü yerdə qərarlaşdığı diqqətə çatdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər