Livanın “Cumhuriyyə” qəzeti ümummilli lider Heydər Əliyev haqqında yazır

Livanın “Cumhuriyyə” qəzeti ümummilli lider Heydər Əliyev haqqında yazır Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Livanın geniş oxucu auditoriyasına malik “Cumhuriyyə” qəzetində “Azərbaycan Heydər Əliyevin xatirəsini yad edir”, “Beirutgate” xəbər portalında isə “Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü” adlı məqalələr dərc edilib.
Məqalələrdə 12 dekabr tarixinin Azərbaycan xalqı tərəfindən ümummilli lider Heydər Əliyevin vəfat günü kimi qeyd edildiyi bildirilir. Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi qurulmasında, formalaşmasında və inkişaf etməsində müstəsna rol oynadığı qeyd olunur. Ötən əsrin 90-cı illərinin əvvəlində Ermənistanla müharibə aparan Azərbaycanda bir çox partiya və qruplaşmaların daxildə hakimiyyət uğrunda mübarizə aparması nəticəsində ölkənin acınacaqlı vəziyyətdə olması diqqətə çatdırılır. Heydər Əliyevin SSRİ rəhbərliyindən istefa verdiyi, əvvəlcə Moskvadan Naxçıvana qayıtdığı, Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi, daha sonra xalqın israrlarını nəzərə alaraq, Bakıya getdiyi və Azərbaycana rəhbərlik etdiyi qeyd olunur. Məqalədə Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Prezidenti seçildikdən sonra ölkə daxilindəki müxtəlif silahlı qruplaşmaların tərksilah edilərək hərc-mərcliyə son qoyulduğu və 1994-cü ildə Ermənistanla atəşkəs sazişi imzalanmasına nail olunduğu bildirilir.
Məqalələrdə Heydər Əliyevin Azərbaycanın bütün dövlətlərlə, o cümlədən qonşu dövlətlərlə dost və işgüzar münasibətlər qurulmasına səy göstərdiyi, qardaş ərəb dövlətləri ilə əlaqələrin gücləndirilməsinə böyük əhəmiyyət verdiyi vurğulanır. Ulu Öndərin beynəlxalq əlaqələr və digər sahələrdə göstərdiyi misilsiz xidmətlərin yüksək qiymətləndirildiyi və dünyanın bir sıra ölkələrinin orden və medallarına, dünya şöhrətli universitetlərin fəxri doktoru adına və beynəlxalq mükafatlara layiq görüldüyü bildirilir.
Bununla yanaşı, Heydər Əliyevin Azərbaycanın malik olduğu təbii sərvətlərin dünya bazarlarına ixracı, milli iqtisadiyyatın, sənaye potensialının və kənd təsərrüfatının inkişaf etdirilməsi, Azərbaycanın xaricdən ərzaq məhsullarının alınmasından asılılığının azaldılması istiqamətində böyük işlər gördüyü diqqətə çatdırılır.
Məqalələrdə, həmçinin Heydər Əliyevin nüfuzundan, böyük dövlətlərin rəhbərləri ilə şəxsi münasibətlərindən istifadə edərək “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan və digər beynəlxalq layihələrin reallaşması kimi nailiyyətlərə imza atdığı, Azərbaycan tarixinin 30 illik dövrünün və ölkədə siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə intibahın Heydər Əliyev şəxsiyyəti ilə bağlı olduğu qeyd edilir.
Sonda 2003-cü il 12 dekabr tarixinin Azərbaycan tarixində ən hüznlü günlərdən biri olduğu diqqətə çatdırılır.

Tehsil-press.az


Oxşar xəbərlər