“Bu, ölüm-qalım məsələsidir” - Adil Əliyev

“Bu, ölüm-qalım məsələsidir” - Adil Əliyev Milli Məclisin vitse-spikeri, deputat Adil Əliyevin Tehsil-press.az-a müsahibəsi:
- VI çağırış parlament artıq fəaliyyətə başlayıb. Siz bu çağırışda artıq bitərəfləri təmsil edən vitse-spikersiniz. Bu sizin üçün gözlənilən idimi?
- Yeni Azərbaycan Partiyası Milli Məclisdə çoxluq təşkil edir. Bu seçkidə də hakim partiya öz mövqeyini qorudu. Buna baxmayaraq, Prezident İlham Əliyev və hakim partiya parlamentdəki vəzifə bölgüsündə müstəqil deputatlara və müxalifət nümayəndələrinə yer verdi. Bu müdrik qərar idi. Cənab Prezident ötən ilin sonunda verdiyi müsahibədə vurğulamışdı ki, siyasi palitranı genişləndirmək lazımdır. Müstəqil mövqeli siyasətçilər, o cümlədən müxalifət nümayəndələri də bu millətin övladlarıdır, vətənin inkişafını arzulayırlar. Əlbəttə, müxalifət içərisində radikallar da var və təəssüf ki, hələ də dağıdıcı yanaşmalarından əl çəkmirlər. Belələri düşmənə qarşı mübarizədə Prezidentlə vahid mövqedən çıxış etmək əvəzinə, sanki koronavirusu özlərinə müttəfiq seçiblər. Yenə qarayaxmalara, yalan məlumatlara üstünlük verirlər. Ancaq nahaq əziyyət çəkirlər. Necə ki, radikal müxalifət illərdir saman çöpündən yapışaraq Prezidentlə mübarizədə heç nə əldə etməyib, eləcə də koronavirus onların karına çatmayacaq. Çünki hazırki çətinlik müvəqqətidir və indiki halda cəmiyyət ortaq düşmənlə mübarizədə həmişəki kimi Prezidentinin və dövlətinin yanındadır.
Dövlət başçısı siyasətdə rəqabətin tərəfdarı olduğunu bildirib. Parlament sədrinin 3 müavinindən ikisinin hakim partiya təmsilçisi olmaması bunun sübutudur. O ki qaldı mənim sədr müavini seçilməyimə, bu böyük məsuliyyətdir. Mən artıq parlamentdə yalnız özümü və dairəmdəki seçiciləri yox, həm də parlamentdəki müstəqil deputatları təmsil edirəm.
- Həm vitse-spiker, həm komitə sədrisiniz. Bu sizin iş yükünüzə təsir edirmi?
-İş yüküm artıb. Bu təbiidir. Sizin də qeyd etdiyiniz kimi, həm komitə sədriyəm və komitənin işləri ilə məşğulam, həm də sədr müavini kimi başqa səlahiyyətlərim var. Bu səlahiyyətlər çərçivəsində bir sıra beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi vəzifəsi də var. Qarşıda bizi gərgin fəaliyyət gözləyir. Cənab Prezidentin də söylədiyi kimi, parlament ölkədə aparılan islahatların tərkib hissəsinə çevrilməlidir. Mövcud çağırışlara uyğun qanunlar qəbul etməli, buna qədər qəbul etdiyimiz qanunların isə icrasını və təkmilləşdirilməsini diqqətdə saxlamalıyıq. Neqativ hallarla mübarizədə millət vəkillərinin üzərinə mühüm vəzifələr düşür.
Digər tərəfdən, dövlət başçısının martın 10-da Milli Məclisin ilk iclasındakı geniş məruzəsində gənclər siyasətinə dair önəmli ifadələr yer almışdı. Söhbət gənclərin asudə vaxtlarının səmərəli təşkilindən, onların fəal işə cəlb edilməsindən, vətənpərvərlik ruhunda tərbiyə edilməsindən gedir. İnternet əsrində yaşayırıq. Prezidentin də doğru vurğuladığı kimi, gənclər milli ruhda tərbiyə almalı, xarici təsir altına düşməməlidirlər, o cümlədən, gənclərin mənəvi və fiziki hazırlığı üçün əlavə tədbirlər həyata keçirilməlidir. Bütün bu istiqamətlərdə bizim komitəni gərgin iş gözləyir. Beynəlxalq arenada da səylərimizi artırmalıyıq. İştirak etdiyimiz beynəlxalq konfranslarda və seminarlarda sözümüzü deməliyik, torpaqlarımızı işğaldan azad etmək və işğalçını ifşa etmək üçün nə mümkündürsə onu da etməliyik. Haqq bizim tərəfimizdədir, ona görə də xarici ölkələrdəki görüşlərdə, toplantılarda sözümüzü daha gur səslə deməliyik. Cənab Prezident Münhen Təhlükəsizlik Konfransında uzaq və yaxın tarixdən misallar çəkməklə Ermənistanın Baş nazirini necə ifşa etdisə, biz də eyni əzmlə yalan və iftira dilində danışan erməni deputatların və onların havadarlarının yalanlarını ifşa etməliyik.
Azərbaycana qonşu olan ölkələrdə və bölgələrdə vəziyyət stabil deyil, inqilablar, müharibələr baş alıb gedir. Ona görə də dövlət başçısının da dediyi kimi, Azərbaycanın apardığı siyasi kursa alternativ yoxdur. Millət vəkili olaraq Prezidentimin, dövlətimin və cəmiyyətimin gücünə inanıram. Bu yolda millət vəkili olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.
- Əvvəl deputatların əyləşdiyi sıradaydınız, indi isə həmkarlarınıza yuxarı kürsüdən baxırsınız. Maraqlıdır, yuxarıdan baxanda aşağı necə görünür?
- Əvvəl necə idimsə, indi də eləyəm. Mən heç zaman heç kimə yuxarıdan aşağı baxmamışam və baxmaram. Bu mənim tərbiyəmə də uyğun deyil. İndi oturduğum yer millət vəkili həmkarlarımdan hündür olsa da, həmkarlarıma münasibətim dəyişməzdir. Mən onlardan biriyəm. Millət vəkili olaraq əsas vəzifələrimizdən biri seçicilərimizə bağlı olmaq, vətəndaşlarımızla ünsiyyətimizi yüksək səviyyədə saxlamaqdır. Millət vəkili kimi fəaliyyət göstərdiyim 15 ildə qapım həmişə seçicilərimin üzünə açıq olub, bundan sonra da belə olacaq. Vətəndaşın dərdini dinləməli və millət vəkilinin verdiyi səlahiyyət çərçivəsində onları həll etməyə çalışmalıyıq. Bu ənənəni heç zaman pozmamışam, bundan sonra da pozmayacam.
- Siz artıq 4 çağırışdır ki, parlamentin deputatısınız. Seçki keçiriləndə namizəd olduğunuz dairədən ən güclü rəqib olursunuz. Parlamentdə elə deputatlar var ki, onlara rəqib olmaq çətindir, onlardan biri də sizsiniz. Seçiciləriniz də sizi tanıyır. Çətin rəqib olmağı necə bacarmısınız?
- Əslində suala özünüz dolğun cavab verdiniz. Mən seçicimlə hər zaman ünsiyyətdəyəm. Ola bilər ki, indi işimin artması səbəbindən əvvəlki kimi hamı ilə görüşə bilmirəm. Ancaq seçildiyim dairədəki qərargahımın qapısı seçicilərimin üzünə hər zaman açıqdır. Ya mən onları qəbul edirəm, qərargahda olmaq imkanı olmayanda isə seçicilərimlə köməkçilərim görüşür və onları dinləyirlər. Daha sonra bütün istək və arzular mənə çatdırılır. Qeyri-təvazökarlıq olsa da, elə gün olur ki, qərargahımda yüzlərlə seçicimlə görüşmüşəm, bəzilərini ayrılıqda, digərlərini isə qrup şəklində qəbul edib istək və arzularını dinləmişəm. Ona görə də bu illərdə seçicim də məni yaxşı tanıyıb. Bu səbəbdən heç kim deyə bilməz ki, parlament seçkisində 20-ci dairədə nəsə qanunsuzluq olub. Seçicilərin etibarını qazanmaq asan məsələ deyil. Mən bu etibarı qazanmışam, dövlətimin və millətimin problemlərinin həlli məqsədilə bundan sonra da var-gücümlə çalışacam.

Tehsil-press.az

Oxşar xəbərlər