Əziz Ələkbərov: Tələbələrə tətbiq edilən güzəştlər davamlı xarakter daşıyacaq

Əziz Ələkbərov: Tələbələrə tətbiq edilən güzəştlər davamlı xarakter daşıyacaq Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Sərəncamından irəli gələn vəzifələr ölkədə uğurla icra olunur. Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Qərarı da müvafiq istiqamətdə həyata keçirilən tədbirlər sırasındadır. Qərarda ünvanlı dövlət sosial yardımı alan ailələrin övladları olan, valideynləri I və II dərəcəli əlil və ya işsiz kimi qeydiyyata alınan, valideynləri yaşa görə əmək pensiyası və ya yaşa görə sosial müavinət alan ödənişli əsaslarla əyani oxuyan tələbələrin birillik təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulur. Orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan həmin həssas kateqoriyaya daxil olan tələbələrin isə illik təhsil haqqının 50 faizi miqdarında güzəşt ediləcək. Bütün bunlar bir daha sübut etdi ki, əhalinin bütün sosial qrupları dövlətin nəzarətindədir və heç kəs diqqətdən kənarda qalmayacaq.
Bu fikirləri Tehsil-press.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərov bildirib. O qeyd edib ki, digər həssas əhali qrupu olan məcburi köçkün ailələrinin övladları isə əvvəldən təhsil haqqı ödəməkdən azaddırlar. Prezident İlham Əliyevin sosialyönümlü dövlət quruculuğu siyasəti bu fikri söyləməyə əsas verir ki, tələbələrə tətbiq edilən güzəştlər davamlı xarakter daşıyacaq və təhsil almaq istəyənlərin qarşısında “təhsil haqqını ödə, sonra təhsil al” tələbi arxa plana keçəcək.

Tehsil-press.az

Oxşar xəbərlər