SDU-da təqaüd alan tələbələrin sayı 1000 nəfərdən çoxdur

SDU-da təqaüd alan tələbələrin sayı 1000 nəfərdən çoxdur Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə 14 fevral 2019-cu il tarixli Sərəncamına əsasən Sumqayıt Dövlət Universitetinə ayrılmış kvotaya uyğun olaraq 560 tələbə orta hesabla 100 manat təqaüd alacaq.
Bununla yanaşı, Cənab İlham Əliyevin apardığı siyasəti uğurla icra edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun təşəbbüsü ilə Sumqayıt şəhərində qeydiyyatda olan, əla və yaxşı qiymətlərlə oxuyan, aztəminatlı ailələrdən olan universitetimizin 30 nəfər tələbəsinə “Bələdiyyə” təqaüdü veriləcək.
Ümumiyyətlə, SDU-da təqaüd alan tələbələrin sayı 1000 nəfərdən çoxdur. Hər iki valideynini itirmiş tələbələr isə ikiqat təqaüd alır.
Qeyd edək ki, 2016-cı ildə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, təqaüdlərin ödənilməsi yalnız dövlət sifarişi əsasında təhsil alan tələbələrə deyil, eyni zamanda ümumi orta müvəffəqiyyət göstəricisi və fənlər üzrə akademik nailiyyətləri nəzərə alınmaqla ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil edilib. 2019-cu il martın 1-dən 16 000 vahid artırılması və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur. Bütün bunlar ölkə başçısının elmə, təhsilə və gənclərə göstərdiyi növbəti diqqət və qayğının bariz nümunəsidir.

SDU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər