Bakı Dövlət Universitetinin tələbəsi: Heç bir virus ölkəmizdə aparılan tədris prosesini ləngidə bilməz

Bakı Dövlət Universitetinin tələbəsi: Heç bir virus ölkəmizdə aparılan tədris prosesini ləngidə bilməz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Nicat Dilqəmli koronavirus epidemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin yaşandığı, “Evdə qal” aksiyasının keçirildiyi günlərdə fikirlərini Tehsil-press.az ilə bölüşüb. O deyib: “Yeni növ koronavirus həyatımıza o qədər vaxtsız gəldi ki, bütün gündəliyimizə yazdıqlarımızı kəsib atmağa, ən yaxşı ehtimalla, bir müddət kənara qoymağa məcbur olduq. Karantinin ilk günlərində vəziyyətə alışmaq daha çətin idi. Çünki kiminin işi, kiminin də dərsi, tapşırıqları yarıda qaldı... Hamı kimi bizim də dərslərimiz müvəqqəti dayandı, amma sonradan biz tələbələrin dərs proqramında axsamamağımız üçün videodərslərin keçirilməsinə başlanıldı.
Bir neçə həftə öncə bizdən xüsusi şifrə və “login” yaratmaq üçün şəxsiyyət vəsiqələrimizin surətini yığanda, düzü, hələ də işlərin necə olacağını təsəvvür edə bilmirdim. Daha sonra “Microsoft Teams” platformasına daxil olmaq üçün müvafiq istifadəçi adı və şifrə göndərildi. Təxminən bir-iki gün sonra qəzetdə, televiziyada praktiki iş fənni, xarici ölkələrin jurnalistikası tarixi fənlərindən dərslərə başladıq. Əlbəttə, internet təchizatı ilə əlaqədar və ya digər səbəblərdən qrup yoldaşlarımın bir neçəsi qoşula bilmədi, amma qrupun böyük hissəsi bir yerdə idi.
Proqrama ilk dəfə qoşulduğum çox da yaxşı istifadə edə bilmirdim. Elə ona görə də bir az gec qoşuldum dərsə... Sevimli müəllimlərimi görəndə çox sevindim, qəribə hisslər keçirdim. Hər şey eyni idi, çünki təhsil aldığım Jurnalistika fakültəsinin auditoriyalarına daxil olan müəllimlər onsuz da elə ilk günlərdən tələbələrlə səmimi münasibət qurur, bizim həm dərslərimizlə, həm də dərsdən sonrakı fəaliyyətimizlə mütəmadi maraqlanırlar. İnternet üzərindən baş tutan məsafədən təhsil zamanı da bütün sadaladıqlarım təkrarlanır. Əlbəttə, biz də qrup olaraq müəllimlərimizi diqqətlə dinləyir, suallarımızı veririk.
Bu çətin günlərdə biz bir daha əmin olduq ki, heç bir virus, heç bir bəla ölkəmizdə təhsil sistemini, doğma Bakı Dövlət Universitetində aparılan tədris prosesini ləngidə, tələbələrdə olan entuziazm hissini öldürə bilməz!
Biz bu sınaqdan da birlikdə üzüağ çıxacağıq!”

Tehsil-press.az

Oxşar xəbərlər