BDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir

BDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir Koronavirus (COVID-19) pandemiyası səbəbilə Bakı Dövlət Universitetində (BDU) 2020-ci il 1 aprel tarixindən aktiv formada təşkil edilən onlayn (məsafədən) dərslər uğurla davam etdirilir.
Aprelin 10-dan etibarən akademik borcu olan tələbələr kredit borcu formalaşmış fənlər üzrə, normativ təhsil müddətində ali təhsil müəssisəsini bitirə bilməyən tələbələr, 2019/2020-ci tədris ilinin yaz semestrində BDU-da bir ixtisasdan digərinə köçürülən 100-dən artıq tələbə məsafədən təşkil edilmiş dərslərə qoşulub. Dərslərin keyfiyyəti və dərslərə könüllü qoşulan tələbələrin sayında hər gün artım müşahidə edilir.
Hazırda Universitetin bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 16 minə yaxın istifadəçi “Microsoft Teams” platformasından aktiv şəkildə yararlanır. Gündəlik dərslərin sayı orta hesabla 1500, istifadəçilərin sayı isə 10 000-dən çoxdur. 16 fakültə üzrə 1500-ə yaxın müəllim bu platformadan istifadə edir.
“Microsoft Teams” vasitəsilə videokonfrans yaratmaqla mühazirələr təşkil olunur, ev tapşırıqları verilir, sillabus, mühazirə və digər elektron dərs materiallarının tələbələrə ötürülməsi təmin edilir. Fərdi və ya qrup şəklində onlayn müəllim-tələbə ünsiyyəti keçirilən materialların daha dərindən mənimsənilməsinə imkan yaradır.
Platformanın verdiyi geniş imkanlardan istifadə edərək müvafiq kafedra əməkdaşları arasında onlayn müzakirələr və dərslərin fənn proqramlarını əhatə etməsinə nəzarət həyata keçirilir. Eyni zamanda 2020/2021-ci tədris ilində məzun olacaq tələbələrə Yekun Dövlət İmtahanı üçün ayrılan sualların izah edilməsi, bakalavr və magistr dissertasiyaları ilə bağlı elmi məsləhətləşmələrin aparılması davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər