Azərbaycan Texniki Universiteti Erasmus+KA2 layihəsinin icrasına başlayıb

Azərbaycan Texniki Universiteti Erasmus+KA2 layihəsinin icrasına başlayıb Azərbaycan Texniki Universitetinin (AzTU) də tərəfdaş olduğu Erasmus+ KA2 – “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsinin ilk toplantısının Kiyev şəhərində keçirilməsi nəzərdə tutulsa da, koronavirus infeksiyası ilə bağlı pandemiya elan olunduğundan görüş onlayn reallaşdırılıb.
Görüşdə 9 ölkənin (Avstriya, Polşa, İspaniya, İtaliya, Litva, Macarıstan, Ukrayna, Azərbaycan, Moldova) 24 tərəfdaş müəssisəsindən 50-dək mütəxəssis iştirak edib. Onlar layihənin davam edəcəyi 3 il ərzində görüləcək işlər barədə müzakirə aparıblar.
Layihənin ilk görüşündə AzTU-dan Beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov, Tədqiqat və inkişaf şöbəsinin müdiri, dosent Mərziyyə Ağayeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mustafa Əhmədov, Kompüter sistemləri və şəbəkələri kafedrasının müdiri, professor Vaqif Qasımov və Beynəlxalq əlaqələr şöbəsinin layihələr və mübadilə proqramları üzrə baş mütəxəssisi Mətanət Paşayeva iştirak ediblər. Onlayn görüşə, həmçinin Erasmus+ Azərbaycan ofisinin nümayəndələri Pərviz Bağırov və Zəfər Həsənov qatılıblar.
Tərəfdaş təşkilatlar təqdimatlarla çıxış edib, layihənin komponentləri üzrə fəaliyyətin planlaşdırılması və təşkil edilməsi barədə razılığa gəliblər.
Layihə çərçivəsində təşkilatların yerinə yetirəcəyi fəaliyyət növləri müəyyən edilib.

Tehsil-press.az

Oxşar xəbərlər