“ERASMUS +” PETRA layihəsi çərçivəsində keçirilmiş Gəncə görüşündə ADPU-nun əməkdaşları da iştirak ediblər

“ERASMUS +” PETRA layihəsi çərçivəsində keçirilmiş Gəncə görüşündə  ADPU-nun əməkdaşları da iştirak ediblər Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları 1-5 aprel tarixlərində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Erasmus+” PETRA (Promoting Excellence in Teasching and Learning in Azerbaijani Universities – Azərbaycan universitetlərində Tədris və Təlimin təkmilləşdirilməsi) layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində (GDU) baş tutmuş beynəlxalq təlimdə iştirak ediblər. ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, layihənin universitet üzrə koordinatoru Nigar Abbaszadə, Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov, İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin Texniki xidmət bölməsinin müdiri Rüfət Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Günay Məhərrəmova universiteti təmsil ediblər.
İspaniyanın Valensiya Politexnik Universiteti və Azərbaycan üzrə Xəzər Universitetinin koordinatorluğu ilə həyata keçirilən PETRA layihəsinin Azərbaycan üzrə tərəfdaşları Azərbaycan Respublikası Təhsil Nazirliyi, Xəzər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetidir.
Sözügedən beynəlxalq təlimdə məruzəçi qismində layihənin avropalı tərəfdaşları olan universitetlərin, o cümlədən Valensiya Politexnik Universiteti (İspaniya), Jivaskula Universiteti (Finlandiya), Debreçen Universiteti, (Macarıstan), Vyana Tətbiqi Elmlər Universiteti (Avstriya) və Qazi Universitetinin (Türkiyə) nümayəndələri iştirak ediblər.
Təlimin ilk günündə Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb, universitetin son illərdə elm və təhsilin inkişafı istiqamətindəki nailiyyətlərindən danışıb. Daha sonra Azərbaycan universitetləri tərəfindən layihə çərçivəsində həyata keçirilmiş işlər haqqında təqdimatlar nümayiş etdirilib, müzakirələr aparılıb.
Növbəti günlərdə isə əsasən hər gün bir Avropa universiteti tərəfindən təlim keçirilib. Ümumiyyətlə, təlimin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində tədris və təlimin təkmilləşdirilməsi sahəsində Avropa universitetləri ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
Azərbaycan universitetlərində təlim prosesinin təkmilləşdirilməsi, universitetin öyrənmə-öyrətmə prosesi ilə bağlı ehtiyaclarının müəyyənləşdirilməsi və onların daxili müzakirəsinin aparılması məqsədi daşıyan layihə çərçivəsində keçirilən görüşdə koordinator universitetin rəhbərliyi ilə layihənin icrası ilə bağlı iclas keçirilib. İclasda “Milli Erasmus+ ofisi”nin rəhbəri Pərviz Bağırov və ofisin əməkdaşı Zəfər Həsənov da iştirak ediblər. Beynəlxalq təlim həftəsində layihənin gələcək perspektivləri və nəzərdə tutulan iş paketi ilə bağlı idarəetmə görüşündə geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırlıb.
Təlim müddətində hər bir tərəfdaş universitetdən olan nümayəndələrə “Moodle” proqramının tətbiqi ilə bağlı çağırışlar və onların həlli yolları, bu sisteminin geniş yayılması üçün vacib olan amillər, eləcə də layihənin mərhələləri üzrə əldə edilmiş və həll edilməli olan məsələlərlə bağlı müxtəlif tapşırıqlar ətrafında qrup işi həyata keçirilib və təmsilçilər, o cümlədən ADPU-nun nümayəndələri müəyyən təqdimatlar hazırlayaraq təqdim ediblər.
Tədbirin keçirildiyi müddətdə GDU-nun rektoru, professor Yusif Yusibov iştirakçılarla görüşüb və onlarla xatirə şəkili çəkdirib. Bununla yanaşı, iştirakçılar GDU-da layihə çərçivəsində yaradılmış Tədris və Təlim Mərkəzi ilə tanış olublar və Göygöl Milli Parkına səfər ediblər.
Qeyd edək ki, növbəti görüşdə Gəncədə keçirilmiş təlimin iştirakçılarına, o cümlədən, ADPU-nun nümayəndələrinə müvafiq sertifikatlar təqdim ediləcək.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


“ERASMUS +” PETRA layihəsi çərçivəsində keçirilmiş Gəncə görüşündə  ADPU-nun əməkdaşları da iştirak ediblər“ERASMUS +” PETRA layihəsi çərçivəsində keçirilmiş Gəncə görüşündə  ADPU-nun əməkdaşları da iştirak ediblər“ERASMUS +” PETRA layihəsi çərçivəsində keçirilmiş Gəncə görüşündə  ADPU-nun əməkdaşları da iştirak ediblər“ERASMUS +” PETRA layihəsi çərçivəsində keçirilmiş Gəncə görüşündə  ADPU-nun əməkdaşları da iştirak ediblər

Oxşar xəbərlər