“Biz varıq və biz birlikdəyik” layihəsi uğurla davam etdirilir

“Biz varıq və biz birlikdəyik” layihəsi uğurla davam etdirilir Bakı Xoreoqrafiya Akademiyası akademiyanın professor-müəllim heyətinin elmi-yaradıcılıq fəaliyyətinin virtual nümayişini nəzərdə tutan "Biz varıq və biz birlikdəyik” layihəsi uğurla davam etdirilir. Aprelin 15-dən start verilən layihə çərçivəsində təqdim olunan mühazirə, ustad dərsləri və təqdimatlar incəsənətin və sənətşünaslıq elminin müxtəlif sahələrini özündə ehtiva edir.
Akademiyanın klassik rəqs kafedrasının müdiri, baş müəllim, Əməkdar mədəniyyət işçisi Mayra Almaszadə və baletmeyster sənəti kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, professor Lyudmila Həsənovanın ayrı-ayrılıqda təqdim etdikləri ustad dərs və mühazirə klassik rəqsin bir çox incə məqamlarının əyani şəkildə nümayişinə şərait yaradıb.
Baş müəllim M.Almaszadənin ustad dərsi “Klassik rəqsdə 6 növ Port de Bras” mövzusu ətrafında qurulub. Nəzəri biliklərlə yanaşı, Bakı Xoreoqrafiya Akademiyasının musiqi fənləri kafedrasının baş müəllimi, konsertmeyster Lalə Hüseynlinin müşayiəti ilə illüstrasiyalar verən M.Almaszadə, gənc müəllim və tələbələrin rastlaşdığı mürəkkəb hərəkət və pozisiyaları nümayiş etdirib.
Professor L.Həsənovanın mühazirəsində isə balet və klassik rəqsin nəzəri və təcrübi bilik və vərdişlərin təkmilləşdirilməsi, eləcə də xüsusi karantin dövründə ev şəraitində klassik rəqslə düzgün məşğul olmaq və əməli nəticələr əldə etmək üçün müxtəlif fəndlərdən istifadə edilməsi qaydaları açıqlanıb.
Qeyd edək ki, layihə çərçivəsində hər iş günü ərzində bir pedaqoq və ya doktorantın elmi-yaradıcılıq işi Bakı Xoreoqrafiya Akademiyasının rəsmi “Facebook səhifəsinin" “Biz varıq və biz birlikdəyik” bölməsində təqdim olunur.
İstirahət günləri akademiyanın həyata keçirdiyi yaradıcılıq layihələrindən parçalar virtual efirə verilir.

Tehsil-press.az

Oxşar xəbərlər