Əlyazmalar İnstitutunda elmi tədqiqatlar uğurla davam etdirilir

Əlyazmalar İnstitutunda elmi tədqiqatlar uğurla davam etdirilir Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun farsdilli əlyazmaların tədqiqi şöbəsinin cari ilin ilk dörd ayı ərzində gördüyü işlərin hesabatı barədə distant iclası keçirilib.
Şöbə müdiri Nəsib Göyüşov cari ilin dörd ayı ərzində şöbədə görülən elmi-tədqiqat işləri, əlyazmaların elmi təsviri və kataloqlaşdırılması, həmçinin yazılı abidələrin transfoneliterasiyası, tərcümə və nəşrə hazırlanması barədə ümumi məlumat verib.
O bildirib ki, şöbə əməkdaşları müvafiq plan üzrə fəaliyyət göstərək farsdilli əlyazmaların elmi təsviri ilə yanaşı, bir sıra elmi-tədqiqat işləri yerinə yetirib, kitab və məqalə nəşr ediblər. N. Göyüşov “Şeyx İşraqın rəmzi qissələrinin tərcüməsi və şərhi” üzrə 2 mətn vərəqi həcmində iş yerinə yetirib. Məhəmməd Füzulinin türkcə “Divanı”nın 6 tənqidi mətni əsasında yeni islah edilmiş mətnin hazırlanması işi davam etdirilib, həmçinin Türkiyədə, Hitit Universitetində keçiriləcək Beynəlxalq Əlvan Çələbi Simpoziumu üçün “Yəsəvilik: Şərqi və Qərbi türklər arasında ortaq mənəvi-mədəni körpü” mövzusunda məruzə hazırlanıb.
Sonra şöbə əməkdaşlarının gördüyü işlərə dair çıxışlar dinlənilib.
Qeyd edilib ki, ərəb abidəsi “Xəridətül-əcayib” əsərinin türkcə tərcüməsinin transfoneliterasiya işi davam etdirilir, XIX-XX əsr Abşeron ədəbi mühitinin görkəmli nümayəndəsi Mirzə Həsib Qüdsi (1828-1908) “Divan”ı transfoneliterasiya edilərək çapa hazırlanıb. Eyni zamanda, Şərəfəddin Hüseyn İbn Ülfəti Təbrizinin “Rəşfül-lihaz fi kəşfül-əlfaz” klassik təsəvvüf və poetikada işlənən terminologiya lüğətinin tərcüməsi və üzərində elmi araşdırma aparılır. Əbdürrəzzaq bəy Dünbilinin “Məasirül-Sultaniyyə” adlı əsərinin fars dilindən Azərbaycan dilinə tərcüməsi işi aparılır. Həmçinin “Yaxşılığa yamanlıq” adlı kitab və “Qarabağ ədəbi-mədəni mühiti” mövzusunda monoqrafiya nəşr edilib.

Tehsil-press.az

Oxşar xəbərlər