Əlyazmalar İnstitutunun əməkdaşları elmi fəaliyyəti onlayn qaydada davam etdirirlər

Əlyazmalar İnstitutunun əməkdaşları elmi fəaliyyəti onlayn qaydada davam etdirirlər AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin ilin ilk dörd ayı ərzində görülən işlərin hesabatı barədə distant iclası keçirilib.
İclasda şöbə müdiri, filologiya elmləri doktoru Paşa Kərimov ilin dörd ayı ərzində görülən elmi işlər, tədqiq, transfoneliterasiya edilən yazılı abidələr, əlyazmalar, əski çap kitabları əsasında nəşrə hazırlanan kitablar barədə məlumat verib. Bildirib ki, XV-XVI əsrlərdə yaşamış hürufi şair Süruri “Divan”ının Kaliforniya nüsxəsindən 2 çap vərəqi həcmində transfoneliterasiya edib, elmi müəssisənin direktoru, akademik Teymur Kərimli ilə birlikdə Türkiyədən əldə edilmiş “Qurbani” dastanının yeni çap versiyası barədə geniş məqalə yazılıb.
Şöbədə, həmçinin Molla Qasım Zakirin şeirləri Əlyazmalar İnstitutunda saxlanan əlyazma və çap kitabları əsasında transfoneliterasiya edilərək nəşrə hazırlanıb. Cari ilin əvvəlində Mirzə Baxış Nadimin əlyazma irsi əsasında 169 səhifədən ibarət ikinci kitabı çap edilib.
İclasda görkəmli şair Məhəmməd ağa Müctəhizadənin (1875-1956) institutda saxlanan şeirlər toplusunun və “Səfərnamə” əsərinin transfoneliterasiya edilərək nəşrə hazırlandığı vurğulanıb. “Ruhi Bağdadinin yaradıcılığında ictimai motivlər” monoqrafiyanın çap edildiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, “Nadir şah Əfşarın xarici siyasəti” adlı doktorluq dissertasiyası və monoqrafiyası üzərində iş başa çatdırılıb. “Ruhi Bağdadinin həyat və yaradıcılığı”, “Əbdürrəhman Caminin “Risaleyi-əruz” əsərinin türk dilinə tərcüməsinin tekstoloji tədqiqi” mövzusunda dissertasiya işləri müvafiq seminar şurasına təqdim edilib.

Tehsil-press.az

Oxşar xəbərlər