Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarında dəyişikliklər edilib

Ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarında dəyişikliklər edilib Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qəbul imtahanını rus dilində verən abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) fənnindən verəcəkləri ayrıca imtahanın davametmə müddəti azaldılıb.
İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. Qərara əsasən, bundan sonra imtahanın davametmə müddəti 45 dəqiqə olacaq. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar. İndiyə qədər həmin imtahanın davametmə müddəti 1 saat 30 dəqiqə olub.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, 1 il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.
Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

Tehsil-press.az

Oxşar xəbərlər