Dendrologiya İnstitutunun əməkdaşları Dağlıq Şirvan təbii zonasına ekspedisiya təşkil ediblər

Dendrologiya İnstitutunun əməkdaşları Dağlıq Şirvan təbii zonasına ekspedisiya təşkil ediblər AMEA Dendrologiya İnstitutu əməkdaşları öz daxili imkanları hesabına Dağlıq Şirvan təbii zonasında ekspedisiyada olublar.
Həmin ərazilərdə təbii və mədəni dendrofloranın hərtərəfli monitorinqi aparılıb, Azərbaycanın mülayim rütubətli dağ-meşə landşaftlarında fıstıq-vələs-qarağac meşələrinin bioloji müxtəlifliyinin vəziyyəti tədqiq edilib. Tədqiqat zamanı Dağlıq Şirvan təbii zonasının mülayim rütubətli dağ-meşə landşaftlarında rast gəlinən fıstıq-vələs-qarağac meşələrinin florası, onların ziyanvericiləri öyrənilib.
Araşdırmalar zamanı ərazidə çiçəkli bitkilər şöbəsinə aid 18 fəsilə və 25 növ, qatırquyruğukimilər şöbəsinə aid 1 fəsilə, 1 növ, qıjıkimilər şöbəsinə aid 1 fəsilə, 5 növ, ümumilikdə isə 3 şöbəyə aid 20 fəsilə və 31 növ təyin edilib. Bu ərazidə ağcaqayın, yemişan, alma, armud, mürdəşər, adi birgöz, itburnu, adi başınağacı, adi qoz, palıd, göyrüş və s. cinslərə aid bir çox növlərin təbii yayılma arealları təhlil edilərək üstünlük təşkil edən növləri araşdırılıb.
Tədqiqat aparılan ərazidə 3 zərərverici təyin edilib. Bunlardan Viscum album, əsasən, alma, armud, palıd və qoz cinslərindən olan ağac bitkiləri üzərində yayılıb. Böyürtkən, göyrüş kimi ağac və kol bitkilərində adi əqrəbböcək (Panorpa communis) həşəratı, moruq üzərində isə torqanadlı Panorpa communis (Neuroptera) və mənənə (Hemiptera; Apidoidea) növlərinə rast gəlinib.
Ekspedisiya zamanı Dağlıq Şirvan təbii zonasının ərazisindəki ağac və kol bitkiləri araşdırılaraq, toplanmış toxum və herbari materialları “Herbari və toxumçuluq” laboratoriyasının fonduna təqdim edilib.

Tehsil-press.az

Oxşar xəbərlər