BDU-da “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda Respublika virtual elmi konfransı keçirilir

BDU-da “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda Respublika virtual elmi konfransı keçirilir Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin təşkilatçılığı ilə “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı başlayıb. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümünə həsr olunub.
Onlayn konfransda çıxış edən rektor Elçin Babayev dövrümüzün elm və texnikanın tərəqqisi əsasında bəşəriyyətin maddi və mənəvi həyatında baş verən mühüm dəyişikliklərlə əlamətdar olduğunu söyləyib. Elm və texnikanın cəmiyyətin həyatında getdikcə daha böyük rol oynadığını, onun inkişafı üçün hədsiz imkanlar açıldığını, müasir elm, riyazi metodların xüsusi tədqiqat proseslərinə getdikcə daha çox nüfuz etməsi ilə xarakterizə olunduğunu vurğulayıb.
Rektor əlavə edib ki, kompüter elmlərinin sürətli inkişafı riyaziyyatın yeni tətbiq sahələrini əhəmiyyətli dərəcədə artıraraq təbiət və cəmiyyətin müxtəlif sahələrində yeni riyazi üsulların yaranmasına imkan yaradıb. BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsi yüksəkixtisaslı kadrlar yetişdirərək respublikada kompüter elmlərinin inkişafına və elmi-pedaqoji kadrlar hazırlanmasına önəmli töhfələr verib.
Virtual konfransın moderatoru, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədli tətbiqi riyaziyyat sahəsində tədqiqatların interdissiplinar və multidissiplinar xarakteri nəzərə alınaraq BDU-nun bu sahədə araşdırma aparan elmi müəssisələr arasında əməkdaşlığın genişləndirilməsi, dünyanın elmi mərkəzləri ilə beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, magistrant və doktorantlar üçün dissertasiya mövzularının müəyyənləşdirilməsində tətbiqi riyaziyyat sahəsində elmi problemlərə diqqətin artırılması istiqamətində aparılan işləri yüksək qiymətləndirib.
Qeyd olunub ki, konfransda “Elektron imtahanların təşkilində informasiya sisteminin hazırlanması”, “Zenit hədəf sürətinin təyin olunduğu atəşi idarəetmə qurğuları üçün optimal dinamik sistemin Maple paketi vasitəsilə qurulması”, “Multiagent sistemlərdə reaktiv agentin işləmə alqoritmi”, “Çoxsektorlu istehsalda optimal idarəetmə modeli”, “Parabolik tənlik üçün sərbəst həddin tapılması haqqında tərs məsələnin variasional qoyuluşu” mövzularında məruzələr iştirakçıların marağına səbəb olub.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, professor Məhəmməd Mehdiyev fakültədə əsaslı nailiyyətlər əldə olunduğunu vurğulayıb və elmi istiqamətdə tədqiqatların davam etdirildiyinə diqqət çəkərək məruzəçilərə və magistrant-tələbələrə aktiv iştiraka görə təşəkkür edib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş Respublika elmi konfransını 100-dən çox iştirakçı dinləyib.
Qarşılıqlı diskussiya şəraitində davam edən konfransın ilk günü sualların cavablandırılması ilə yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər