Pandemiya uşaq əməyindən istifadə hallarının artmasına səbəb ola bilər

Pandemiya uşaq əməyindən istifadə hallarının artmasına səbəb ola bilər BMT-nin Uşaq Fondu (UNICEF) və Beynəlxalq Əmək Təşkilatı (BƏT) yeni araşdırmanın nəticələrini dərc edib. Tədqiqata əsasən, son 20 ildə işləyən uşaq və yeniyetmələrin sayı COVID -19 pandemiyası nəticəsində ilk dəfə olaraq kəskin şəkildə arta bilər. Söhbət həm də milyonlarla yetkinlik yaşına çatmamış uşaqlardan gedir.
​"2000-ci ildən işləyən uşaq və yeniyetmələrin sayı 94 milyon azalıb, lakin pandemiya bu nailiyyətlərə zərbə vura bilər. Hazırkı böhran yoxsulluğun artması ilə nəticələnir və bir çox ailələr uşaqları maddi qazanca məcbur edirlər", – deyə BMT-nin məlumatında bildirilir.
UNICEF -in icraçı direktoru Henrietta Forun sözlərinə görə, böhran zamanı ailələr yaşamaq üçün istənilən yol axtarmağa məcburdurlar və uşaq əməyi onlardan biridir. Karantinə görə 130 ölkədə bir milyard uşaq təhsildən məhrum edilib. UNICEF məktəb dərslərinin bərpa olunacağı təqdirdə belə, valideynlərin öz uşaqlarını məktəbə qaytara bilməyəcəyindən narahatdır.
Bununla yanaşı, pandemiyadan əvvəl də işləməyə məcbur olan uşaqlar daha ağır şəraitdə, o cümlədən onların sağlamlığı və təhlükəsizliyi üçün təhlükə yaradan şəraitdə işləməli ola bilərlər. Xüsusilə kənd təsərrüfatında və ev işlərində qızların istismarı ehtimalı böyükdür.
Bu gün dünyada 152 milyon işləyən uşaq və yeniyetmə var – bunlar 5 yaşdan 17 yaşa qədər olan hər onuncu uşaqdır.
UNICEF ölkələri uşaqlara pandemiyanın nəticələrindən doğan mümkün bədbəxtliklərin öhdəsindən gəlməyə imkan verəcək tədbirlər görməyə çağırır. Bildirilir ki, burada keyfiyyətli təhsilin, sosial müdafiənin və iqtisadi imkanların təmin edilməsi əsas rol oynamalıdır.
BƏT xatırladır ki, uşaq əməyinin ən pis formalarının ləğv edilməsi üzrə konvensiya 18 yaşdan kiçik uşaqların sağlamlığına, mənəvi və ya psixoloji vəziyyətinə zərər vuran işlərə cəlb olunmasını qadağan edir. Bu cür işlərə son dərəcə yüksək və ya aşağı temperaturlarda işləmək və təhlükəli kimyəvi maddələrdən istifadə olunan əmək şəraiti aiddir. Hazırda bütün 5 yaşdan 17 yaşadək uşaqların 99,9 faizi bu müqavilənin iştirakçısı olan ölkələrdə yaşayır.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər