“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər fəaliyyətə başlayacaq

“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər fəaliyyətə başlayacaq İyulun 6-dan “Virtual məktəb”də məktəbdənkənar dərnəklərin fəaliyyətinə start veriləcək.
Məqsəd şagirdlərin yay aylarını səmərəli və maraqlı keçirməsidir. Layihə çərçivəsində şagirdlər maraqlarına uyğun olaraq “Bədii qiraət”, “Şahmat”, “Xalq çalğı alətləri”, “Rəqs”, “Toxuma əl işləri”, “Bacarıqlı əllər” kimi 6 fərqli istiqamət üzrə dərnəklərə qoşula biləcəklər.
Hər gün saat 15:00-da keçiriləcək tədbirlər barədə ətraflı məlumat “Virtual məktəb”in ümumi şagird qruplarında həftəlik olaraq qeyd ediləcək. Şagirdlər tədbirin linki vasitəsilə qeydiyyatdan keçmədən canlı görüşdə iştirak edə biləcəklər. Ödənişsiz formada təşkil olunacaq bu dərnək xidmətlərindən Azərbaycan və rus bölmələri üzrə bütün şagirdlər faydalana bilərlər. Dərslərdə real vaxt rejimində iştirak edə bilməyən şagirdlər üçün dərslərin videoyazısı “Microsoft Stream”in “Virtual məktəb” kanalında yerləşdiriləcək və dərsləri təkrar izləmək imkanı yaradılacaq.
Qeyd edək ki, yuxarıda adları qeyd olunan dərnəklərlə yanaşı, “Virtual məktəb”də şagirdlər üçün yay tətili müddəti ərzində “Minecraft” oyununun tədris versiyası üzrə oyunlar, robot texnologiyaları, proqramlaşdırma dilləri üzrə kurslar davam etdiriləcək. Həmçinin yaxın müddətdə platformada riyazi təfəkkürün inkişafı üzrə onlayn yarışmalara start verilməsi nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər