“Jurnalistikanın müasir problemləri” mövzusunda onlayn beynəlxalq elmi konfrans

“Jurnalistikanın müasir problemləri” mövzusunda onlayn beynəlxalq elmi konfrans Prezident İlham Əliyevin 2020-ci il 30 iyun tarixli “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq iyulun 17-də Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi media nümayəndələri ilə birlikdə “Jurnalistikanın müasir problemləri” mövzusunda onlayn beynəlxalq elmi konfrans keçirib.
Konfransın moderatoru, universitetin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə əlaqədar BDU-da keçirilməsi nəzərdə tutulan tədbirlər planı barədə məlumat verib.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin təxribata əl ataraq dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmə cəhdini Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə mane olmaq kimi qiymətləndirib. Düşmən tərəfinin atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozması nəticəsində şəhidlərimizin olduğunu bildirən rektor, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəhidlərimizin qısasının alındığı fikrini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Cəmiyyət həyatında xüsusi yer tutan kütləvi informasiya vasitələrinin (KİV) rolundan danışan E.Babayev bildirib ki, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə böyük maarifçi və naşir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan milli mətbuatı ölkəmizdə həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olub. Müstəqilliyin bərpa edilməsindən sonra Azərbaycanda medianın inkişafında mühüm irəliləyiş baş verib. KİV-in inkişafında əldə olunmuş nailiyyətlər ümummilli lider Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində mümkün olub. Ulu Öndər kütləvi informasiya vasitələrinin nümayəndələrinə hər zaman xüsusi diqqət və qayğı göstərib. Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, media sahəsində də inkişaf və tərəqqi əldə edilib.
Rektor Ulu Öndərin 1998-ci il 16 avqust tarixli Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsinin, KİV sahəsində qanunvericilik bazasının yaradılmasının, habelə 2005, 2010 və 2015-ci illərdə milli mətbuatın 130, 135, 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsinin ölkəmizdə bu sahəyə yüksək dövlət qayğısının daha bir bariz nümunəsi olduğunu deyib. O, dövlətimizin başçısı İlham Əliyevin pandemiya şəraitində milli mətbuatın 145 illik yubileyinin keçirilməsi barədə Sərəncamını ölkədə mediaya göstərilən diqqətin sistemli nümunələrindən biri kimi xarakterizə edib.
E.Babayev vurğulayıb ki, BDU-nun Jurnalistika fakültəsi fəaliyyət göstərdiyi müddətdə minlərlə yüksəkixtisaslı kadr yetişdirərək respublikanın kütləvi informasiya vasitələrini jurnalist kadrlarla təmin edib və etməkdədir. Rektor mətbuat nümayəndələrini əlamətdar yubiley münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb. Virtual konfransı açıq elan edən E.Babayev konfransın işinə və iştirakçılara uğurlar arzulayıb.
Sonra Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev “Ekstremal dövrlərdə informasiya ilə manipulyasiya və təhlükəsizlik problemi” mövzusunda məruzə ilə çıxış edib. Natiq manipulyasiya anlayışı, informasiya cəmiyyəti, jurnalistin ekstremal vəziyyətdə davranış qaydaları, ənənəvi və sosial mediada məsuliyyətliliyin artırılmasının əhəmiyyəti, ekstremal vəziyyətdə medianın funksionallığı, müharibə şəraitində yaşayan Azərbaycan üçün informasiya məkanının qorunması, informasiya təhlükəsizliyinin və milli və dövlət maraqlarının təmin olunması haqqında ətraflı məlumat verib.
Onlayn beynəlxalq konfransda “Yeni media zamanın çağırışları kontekstində”, “Pandemiya dövründə medianın qlobal problemləri”, “Yazılı mətbuat və sosial şəbəkələr”, “Pandemiya dönəmində Anadolu agentliyi və türk mediasının təsiri”, “Jurnalistika, sosial media və pandemiya: gündəmin qlobal çağırışları”, “Pandemiya dövründə xarici və yerli medianın fəaliyyəti”, “Elektron kütləvi informasiya vasitələrinin pandemiya şəraitində fəaliyyəti” mövzularında çıxışlar dinlənilib.
Çıxışlarda milli mətbuatımızın keçdiyi inkişaf yolu, bugünkü uğurları, ümummilli lider Heydər Əliyevin mətbuat işçilərinə göstərdiyi diqqət və qayğı, Ulu Öndərin bu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkə mətbuatına hər zaman dəstək olması, müharibə vəziyyətində informasiya təhlükəsizliyinin təmin edilməsi və medianın məsuliyyəti, informasiya xaosu, mediada hərbi sirlərin yayılmasının qarşısının alınması, pandemiya dövründə medianın fəaliyyət mexanizmi, “infodemiya” anlayışı kimi məsələlərə aydınlıq gətirilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunan tədbir diskussiya şəraitində davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər