“Dövlət idarəçiliyində islahatların yeni mərhələsi” mövzusunda onlayn elmi-praktik konfrans

“Dövlət idarəçiliyində islahatların yeni mərhələsi” mövzusunda onlayn elmi-praktik konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) doktorant və dissertantların ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş “Dövlət idarəçiliyində islahatların yeni mərhələsi” mövzusunda onlayn elmi-praktik konfransı keçirilib.
Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsi tərəfindən keçirilən konfrans DİA-nın “Trueconf” platformasında reallaşıb.
Konfransı giriş sözü ilə açan rektor, akademik Urxan Ələkbərov tarixi nöqteyi-nəzərdən Azərbaycanın dövlət müstəqilliyinin bərpasından çox vaxt keçməsinə baxmayaraq, ölkədə iqtisadi, sosial və humanitar inkişafda yüksək göstəricilər qazanıldığını vurğulayıb. Rektor bu uğurların qazanılmasında müasir Azərbaycanın əsasını qoymuş ümummilli lider Heydər Əliyevin önəmli xidmətləri olduğuna da diqqəti çəkib. Akademik 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yeni tarixin yazıldığını deyib. Rektor bildirib ki, yüksək siyasi idarəçilik və liderlik keyfiyyətlərinə malik Prezident İlham Əliyevin prioritetləri düzgün müəyyənləşdirmək və hadisələri önləmək bacarığı, həmçinin tətbiq etdiyi unikal idarəçilik texnologiyaları və dəqiq planlaşdırılmış inzibati və iqtisadi islahatlar, ölkənin inkişaf strategiyasının həyata keçirilməsi üçün seçilən çevik mexanizm sayəsində Azərbaycan bir çox sahələrdə, o cümlədən davamlı inklüziv inkişaf sahəsində qlobal və regional liderə çevrilib. Beynəlxalq qurumların da birmənalı şəkildə təsdiqlədiyi bu uğurlar, eyni zamanda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən uğurlu sosial siyasət və sosial-humanitar layihələrin məntiqi nəticəsidir.
Konfransda “İslahatlar siyasi institutlaşmanın mühüm mərhələsi kimi”, “Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq mediatorların iştirakı və ümummilli lider Heydər Əliyev vizyonu”, “Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında Heydər Əliyevin rolu”, “Post-sosializm mərhələsi: keçidi şərtləndirən amillər”, “Azərbaycan Respublikasında davamlı inkişafın təmin edilməsinin siyasi aspektləri”, “Sivilizasiyaların toqquşması 25 il sonra”, “Dövlət–özəl tərəfdaşlığı: nəzəri və tarixi aspekt”, “Qloballaşma şəraitində hərbi münaqişələrin yaratdığı humanitar problemlər”, “Klasterləşmənin sənayedə rolu”, “Qlobal informasiya cəmiyyəti konsepsiyalarının nəzəri əsasları”, “Brexit və səbəbləri” və digər aktual mövzularda məruzələr dinlənilib.
Yekunda təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər