Azərbaycanlı alim Beynəlxalq Elmlər Akademiyası Birliyinin Virusologiya üzrə Elmi şurasının onlayn iclasında çıxış edib

Azərbaycanlı alim Beynəlxalq Elmlər Akademiyası Birliyinin Virusologiya üzrə Elmi şurasının onlayn iclasında çıxış edib Beynəlxalq Elmlər Akademiyası Birliyinin (IAAS) Virusologiya üzrə Elmi şurasının onlayn iclası keçirilib. Belarus Respublikası və digər xarici ölkə alimlərinin də iştirak etdiyi tədbirdə ölkəmizi AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq molekulyar biomühəndislik laboratoriyasının müdiri, Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov təmsil edib.
İclası Belarus Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədr müavini, akademik Aleksandr Kilçevski açıb. Sonra Belarus Dövlət Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri, bu ölkənin Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi, tibb elmləri doktoru, professor İqor Karpov “Belarusda COVID-19-un klinik aspektləri” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə çıxış edən azərbaycanlı alim Tərlan Məmmədov təşkilat komitəsinə tədbirin təşkilinə görə minnətdarlığını bildirib. Qeyd edib ki, assosiasiya mövcud problemlərin həlli istiqamətində irəli sürülmüş müsbət addım olmaqla yanaşı, həm də əməkdaşlıq üçün əlverişli fürsət yaradır. COVID-19 virusuna qarşı peyvəndlərin hazırlanması istiqamətində birgə əməkdaşlığın vacibliyini qeyd edən T.Məmmədov ölkəmizin bu sahədə əməkdaşlığa hər zaman hazır olduğunu qeyd edib.
Onlayn iclasın sonunda Virusologiya üzrə Elmi şuranın Əsasnaməsi təsdiq olunub.
Qeyd edək ki, Beynəlxalq Elmlər Akademiyaları Birliyi 1993-cü ildə Kiyev şəhərində Belarus Milli Elmlər Akademiyasının təşəbbüsü ilə elmlər akademiyaları arasında əməkdaşlıq məqsədilə yaradılıb. IAAS-ın Virusologiya üzrə Elmi şurasının məqsədi ikitərəfli tədqiqatların təşkili və həyata keçirilməsi ilə yanaşı, həm də bu sahənin inkişafı üçün elmi ekspertizanın təmin edilməsindən ibarətdir.

Tehsil-press.az

Oxşar xəbərlər