Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib Yanvarın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları üzrə müsabiqələrlə bağlı məlumat verib.
İclasda “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları üzrə 2018-ci il üçün müsabiqələrin elan edilməsi haqqında qərarlar qəbul edilib. Bildirilib ki, Ekspert Komissiyasına namizədlərin təqdimatları martın 1-dək göndərilməlidir.
Sonra AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) hesabatı dinlənilib.
Bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzə ilə çıxış edən BTEB-nin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, bölmə institutlarında müxtəlif istiqamətlər üzrə 18 problem, 92 mövzu, 245 iş və 468 mərhələni əhatə edən tədqiqatlar aparılıb. Bunlardan altı iş tamamlanıb. Eyni zamanda, bölmədənkənar tibb müəssisələri tərəfindən 32 problem, 137 mövzu, 291 iş və 615 mərhələ üzrə tədqiqatlar həyata keçirilib, onlardan 48 iş və 211 mərhələ tamamlanıb. 2017-ci ildə aqrar elm və təhsil müəssisələrində 27 problem, 101 mövzu, 210 iş və 293 mərhələ üzrə tədqiqat işləri davam etdirilib.
Akademik qeyd edib ki, ötən il BTEB-nin institutlarında 1.089, Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutları və Azərbaycan Tibb Universitetində 2.753, aqrar sahə institutları və Azərbaycan Dövlət Aqrar Universitetində isə ümumilikdə 1.496 elmi əsər dərc olunub. BTEB-nin alimlərinin iştirakı ilə 11 dərslik hazırlanıb. Bildirilib ki, 317-si impakt faktorlu jurnallarda olmaqla, ümumilikdə xaricdə 950 məqalə dərc edilib.
Sonra geniş müzakirələr aparılıb.

Hikmət Əliyev


Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Oxşar xəbərlər