Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının onlayn iclası

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının onlayn iclası AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Elmi şurasının onlayn iclası keçirilib.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynovanın sədrliyi ilə baş tutan iclasda pandemiya və postpandemiya dövrlərinə dair bir sıra məsələlər müzakirə edilib.
Akademik İradə Hüseynova bildirib ki, dünyanı bürümüş koronavirus pandemiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması, əhalinin sosial müdafiəsinin təşkili, iqtisadi aktivliyin təmin olunması istiqamətində Azərbaycan dövləti tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Onun sözlərinə görə, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” 2020-ci il 4 may tarixli sərəncamına əsasən institutda işçilərin fəaliyyəti qismən bərpa olunub. Yaşı 65-dən aşağı, gündəlik işə çıxmaları vacib olan əməkdaşların sayı müəyyənləşdirilərək, onların adları “icaze.e-gov.az” portalına yerləşdirilib.
Pandemiya dövründə MBBİ-nin əməkdaşlarının fəaliyyəti, yerinə yetirdikləri işlər barədə məlumat verən akademik İ.Hüseynova elmi müəssisə tərəfindən koronavirus və postkoronavirus dövründə görüləcək tədqiqat işləri ilə bağlı təkliflərin hazırlanaraq Biologiya və Tibb Elmləri Bölməsinə təqdim olunduğunu diqqətə çatdırıb. O, COVID-19 virusuna qarşı vaksin hazırlanması prosesinə dünyada tanınmış mütəxəssislərlə yanaşı, hazırda xaricdə fəaliyyət göstərən alimlərimiz – AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və professor Vidadi Yusibovun da cəlb olunmasını qürurverici hal kimi dəyərləndirib.
İclasa onlayn qoşulan institutun beynəlxalq statuslu Molekulyar biomühəndislik laboratoriyasının müdiri, Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov rəhbərlik etdiyi qrup tərəfindən yeni koronavirusa qarşı effektiv vaksinin hazırlanması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, əldə olunan nəticələr əsasında patent almaq üçün aprelin 30-da ABŞ-ın Patent və Ticarət Ofisinə müraciət olunub.
Tədbirdə AMEA-nın müxbir üzvləri Novruz Quliyev və İlham Şahmuradov çıxış edərək Azərbaycanda koronavirusa yoluxmanın nəzarətdə saxlanılması və onun qarşısının alınması istiqamətində ölkə rəhbərliyi tərəfindən kompleks qabaqlayıcı tədbirlər həyata keçirildiyini və bunun müsbət nəticələr verdiyini vurğulayıblar.
Daha sonra MBBİ-nin Təhsil şöbəsinin müdiri, dosent Samirə Rüstəmova bu il magistraturanı bitirənlərin dissertasiya işlərinin hazırlıq vəziyyəti barədə məlumat verib.
İclasda digər təşkilati məsələlər də müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər