Bakı Dövlət Universitetini bizə dost münasibəti göstərmiş müəllimlərimlə xatırlayacağam

Bakı Dövlət Universitetini bizə dost münasibəti göstərmiş müəllimlərimlə xatırlayacağam Tələbəlik illəri hər bir insanın həyatında unudulmaz, maraqlı, xoş, sevincli, bir az da həyəcanlı xatirələrlə dolu olan bir dövrdür. Boşuna “o mehriban, o əziz, tələbəlik illəri” deyilməyib. Artıq Teymur Məmmədəliyev də tələbəlik illərini xatırlayanda “Sızlar yada düşəndə ürəyimin telləri” deyənlərin cərgəsinə qoşuldu. Çünki o, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin magistratura səviyyəsindən məzun oldu, özü də ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ilə (99.35). Universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi onlayn dərs və imtahanların gedişi və nəticəsi, tələbələrin yeni vəziyyətə adaptasiyası barədə mütəmadi olaraq tələbə-məzunların fikirlərini ictimaiyyətlə paylaşır.
– Ali təhsil almaq insan həyatında mühüm yer tutur. Sizin həyatınızda Bakı Dövlət Universiteti nə kimi rol oynadı?
– Ali təhsil əksər tələbələrin həyatında onların şəxsiyyət kimi formalaşdığı bir dövrə təsadüf edir. Adətən, onların həyatının sonrakı mərhələləri də universitet illərində formalaşmış şəxsi keyfiyyətlər, düşüncə tərzi üzərində qurulur. Bu baxımdan düşünürəm ki, Bakı Dövlət Universitetində təhsil aldığım illər mənim də bir fərd olaraq inkişafımda mühüm yer tutur.
– Bəs BDU-da aldığınız təhsilin keyfiyyəti barədə fikriniz necədir?
– Təhsilin keyfiyyəti, düşünürəm ki, birbaşa fərdi xarakterlidir. Təhsil müəssisəsinin özü, həmçinin onun təqdim etdiyi imkanlar, təbii ki, çox önəmlidir. Düşünürəm ki, insanın daxilində öyrənmək həvəsi, mütaliə marağı olmadığı müddətdə, universitetdə onun üçün yaradılan şərait heç bir önəm daşımayacaq. Mən də özümü şanslı sayıram ki, BDU-nun tələbələrə verdiyi keyfiyyətli təhsil imkanlarından uğurla yararlandım.
– BDU-da dörd il bakalavr, iki il isə magistratura səviyyəsində təhsil almısınız. Altı illik müddətində, təbii ki, xatirələriniz də var. Bəs BDU-nu xatırlayanda yadınıza düşən nə olacaq?
– Universitetlə bağlı istənilən xatirəm gənciliyimdə başıma gəlmiş çox xoş və ən gözəl hadisələr kimi xəyalımda canlanacaq. BDU-nu bizə dost münasibəti göstərmiş müəllimlərimlə, eləcə də əldə etdiyim möhkəm dostluqların məkanı kimi xatırlayacağam.
– Bir az da qazandığınız uğurlar barədə məlumat verərdiniz.
– Bilirsiniz, təhsil aldığım müddətdə heç vaxt nəsə qazanmaq niyyətim olmayıb. Öyrənmək, inkişaf etmək, cəmiyyət üçün faydalı bir fərd olmaq üçün təhsil almağı vacib bilmişəm. Hətta ən yüksək ÜOMG-nin məndə olduğunu deməsəydilər, yəqin ki bundan xəbərim belə olmayacaqdı. 2014-cü ildə ali məktəblərə qəbul imtahanında 691 bal toplamışam və Prezident təqaüdünə layiq görülmüşəm. Universitetimizin Hüquq fakültəsinin bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişəm.
– Təhsilinizi davam etdirməyi düşünürsüzmü?
– Zənnimcə, insan ömürboyu mümkün olduğu, bacardığı qədər öyrənməli və mütaliə etməlidir. Düşünürəm ki, ali təhsilli şəxs əsas ixtisası ilə yanaşı bir, hətta bir neçə əlavə ixtisasa yiyələnməlidir. Bu baxımdan təhsilimi davam etdirmək hər zaman fikrimdədir. Hərbi xidmətdən qayıtdıqdan sonra təhsilimi əlavə və yeni ixtisaslaşmalardan birində davam etdirmək niyyətindəyəm.
– Təhsil aldığınız müddətdə gələcəyinizlə bağlı planlarınız nədən ibarət idi?
– Öz ixtisasımı daha dərindən öyrənməyə çalışırdım. Xüsusən nüfuzlu xarici universitetlərdə təhsil almaq planlaşdırdığım əsas məsələlərdən olub.
– Ən yüksək ÜOMG ilə bitirən məzun kimi abituriyentlərə hansı tövsiyələri verərdin?
– Abituriyentlərə tövsiyə edərdim ki, hansısa universitetdə oxumaq və ya ixtisasa qəbul olmaq niyyəti ilə təhsil almağa çalışmasınlar. Öyrənmək, inkişaf etmək və cəmiyyətə faydalı olmaq üçün təhsil alsınlar. Gələcəkdə özlərini hansı peşədə mükəmməl formada ifadə edə biləcəklərsə, sevdikləri ixtisas hansıdırsa, o sahə üzrə təhsil almağı qarşılarına məqsəd qoysunlar. Sevdikləri ixtisasa qəbul olunduqdan sonra isə təhsil aldıqları müddətdə təkcə nəzəri bilikləri deyil, praktikanı da öyrənməyin vacibliyini, təcrübənin çox əhəmiyyətli olduğunu yaddan çıxarmamalıdırlar. Tələbəlik illərində xarici dil biliklərini təkmilləşdirsinlər, mümkün olduğu qədər təcrübə proqramlarında iştirak etsinlər.
– Artıq adını BDU-nun uğur tarixinə yazdıranların cərgəsindəsiniz...
– Universiteti yüksək ÜOMG ilə bitirdiyim üçün rektorumuz Elçin Babayev məni qəbul etdi. Görüşdə keçirdiyim hissləri heç bir sözlə ifadə edə bilmərəm. Onu bilirəm ki, Elçin müəllimlə olan görüşü hər zaman iftixar hissi ilə xatırlayacağam. Rektorumuza, üzərimdə haqqı olan, əməyi keçən bütün müəllimlərimə, universitetin bütün texniki heyətinə minnətdarlığımı bildirirəm.
Qeyd edək ki, Teymur Məmmədəliyev hazırda hərbi xidmətdədir, doğma Vətənimizin keşiyində durur. Ona müqəddəs vəzifədə, regionun ən güclü ordusunda uğurla xidmət arzu edirik!

Tehsil-press.az


Oxşar xəbərlər