ADU-nun Konfutsi İnstitutu “intellektual rinq” adlı onlayn oyun keçirib

ADU-nun Konfutsi İnstitutu “intellektual rinq” adlı onlayn oyun keçirib Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çin Xalq Azadlıq Ordusunun yaranmasının 93-cü ildönümünə və Azərbaycan Silahlı Qüvvələrinin 102 illiyinə həsr olunmuş “intellektual rinq” adlı onlayn oyun təşkil edib.
ADU-nun çinşünas tələbələrinin iki komandası Çin dilini bilmək üçün yarışaraq, Çin atalar sözlərində və kəlamlarında təqdim olunan hərbi mövzu ilə bağlı sualları cavablandırıb. Oyunun birinci mərhələsində cəmiyyətin və dövlətin həyatında ordunun rolu, ikinci turda isə hərbi əməliyyatların aparılması taktikası və strategiyası ilə bağlı məsələlər olub.
“Musiqi pauzası” zamanı raundlar arasında Çin Xalq-Azadlıq Ordusunun Orkestrinin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestrinin ifasında musiqi kompozisiyaları səsləndirilib. Sonda ADU Konfutsi direktoru, Çin dilinin hərbi tərcüməçisi Rafiq Abbasov Azərbaycan-Çin hərbi-siyasi və hərbi-texniki əlaqələrinin inkişaf tarixindən danışıb. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi Azərbaycan ordusu bu gün texniki təchizat baxımından dünyada ən güclü 50 ordu sırasındadır.
R. Abbasov həmçinin qeyd edib ki, 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının 3-cü sessiyasının iclasında ÇXR-in sədri, ÇKP MK-nın baş katibi Si Cinpinin milli müdafiənin və Silahlı Qüvvələrin gücləndirilməsinin zəruriliyini vurğulayıb, Silahlı Qüvvələrin COVİD-19 ilə mübarizədə rolunu yüksək qiymətləndirib.
Onlayn tədbirdə Çinin ölkəmizdəki səfirliyinin hərbi attaşesi Çjan Tsunqo da iştirak edib.

Tehsil-press.az


Oxşar xəbərlər