ADU-da elmi seminar keçirilib
İyulun 31-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Xalq Azadlıq Ordusunun yaranmasının 90 illiyinə həsr olunan “Böyük İpək Yolunda sülh və təhlükəsizliyin təmin olunması” mövzusunda elmi seminar keçirilib.
İki ölkə arasında hərbi-siyasi və hərbi-texniki əməkdaşlığın perspektivləri və tarixi İpək Yolunun bərpasında ölkəmizin geostrateji rolundan söz açan Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Avrasiya nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professoru Nurulla Əliyev seminarda çıxış edərək ordunun modernləşdirilməsi və hərbi-sənaye kompleksinin inkişafında Çinin hərbi-siyasi prioritetləri, dünyanın müasir geosiyasi proseslərində Çinin iştirakı və bu ölkənin qədim hərb sənəti barəsində danışıb.
Konfutsi İnstitutunun əməkdaşları Nigar Qocayeva və Ayan Kərimova Böyük İpək Yolunda təhlükəsizlik problemlərindən söz açıblar.
Qeyd edək ki, tədbirdə Çin səfirliyinin hərbi attaşesi Çjan Tsunqo da iştirak edib.
ADU-nun Mətbuat Xidməti