Dillər Universitetində Çin- Azərbaycan münasibətlərinə həsr olunan onlayn seminar

Dillər Universitetində Çin- Azərbaycan münasibətlərinə həsr olunan onlayn seminar Azərbaycan Dillər Universitetində (ADU) “Çin Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası: Çin-Azərbaycan münasibətlərində iki partiyanın müasir rolu” adlı onlayn seminar keçirilib. Tədbir Çin Kommunist Partiyasının (ÇKP) yaradılmasının 99-cu ildönümünə həsr olunub.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında çoxtərəfli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini bildirib. O, Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əməkdaşlığın tarixindən, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi nümayəndə heyətinin 1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında iştirakından danışıb, ümummilli lider Heydər Əliyevin nümayəndələrlə görüşünü xatırladıb.
R.Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Çinə işgüzar səfəri zamanı Çin Xalq Respublikasının Prezidenti Si Cinpin ilə ikinci beynəlxalq forumda iştirak etmək üçün keçirdiyi görüşünü xatırladaraq, Çin Kommunist Partiyasının da Yeni Azərbaycan Partiyası ilə əlaqələrini fəallaşdırmaq, dövlət idarəetmə təcrübəsini bölüşmək, iki ölkə arasında qarşılıqlı etimadı gücləndirməyə hazır olduğunu vurğulayıb. Xatırladıb ki, 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının 3-cü sessiyasının iclasında ÇXR-in sədri, ÇKP MK-nın baş katibi Si Cinpinin maliyyə sektorunun, xarici ticarətin, xarici və daxili investisiyaların sabitləşdirilməsinin, özəl müəssisələrin və azad bazar iqtisadiyyatının inkişafının zəruriliyini də qeyd edib.
ADU Konfutsi İnstitutunun Azərbaycan-Çin siyasi dialoqunun inkişafına verdiyi töhfəni qeyd edən R. Abbasov ÇXR Sədri Si Cinpinin Çin rəhbərliyinin müasir dövlət idarəçiliyi konsepsiyası və siyasi strategiyasına həsr olunmuş kütləvi çıxışlarından əsas tezislərlə Azərbaycan dilində materiallar toplusunun nəşrindən danışıb.
Seminarda çıxış edən Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri, ADU YAP ilk ərazi təşkilatının sədri Sərraf Hüseynov dövlətimizin xarici siyasətinin Azərbaycanın uğurlu gələcəyinə, inkişafına və rifahına hesablandığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın xarici siyasəti müstəqillik prinsipinə, milli maraqlara əsaslanır. Prezident İlham Əliyev ölkəmizin mövqeyini ən mötəbər beynəlxalq tribunalardan inamla, qətiyyətlə və cəsarətlə ifadə edir, güclü, qüdrətli Azərbaycanın mövqeyini və reallıqlarını dünya ictimaiyyətinə çatdırır. Buna görə Azərbaycan yüksək beynəlxalq nüfuza, dünya ölkələri sırasında xüsusi hörmətə sahibdir.
Seminarda iştirak edən ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Azərbaycan-Çin siyasi əməkdaşlığının və partiyalararası dialoqun uğurlu inkişafından, partiya nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən, Azərbaycan və Çinin iki hakim partiyasının iqtisadi siyasətindən, “Böyük İpək Yolunun iqtisadi kəməri” proqramının reallaşdırılmasında iştirakından danışıblar.

Tehsil-press.az

Oxşar xəbərlər