Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 3-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
İmtahanda martın 15-də keçirilməsi nəzərdə tutulan, lakin pandemiyaya görə təxirə salınan test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər (76 nəfər), həmçinin iyulun 21-dən 30-dək imtahana yazılan 21 nəfər də iştirak edəcək.
İmtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.
İmtahanda iştirak etmək üçün AA qrupu üzrə 5, AB qrupu üzrə 23, AC qrupu üzrə 69 olmaqla, ümumilikdə 97 namizəd qeydiyyatdan keçib.
İmtahan keçirilən gün sərtləşdirilmiş karantin rejimi tətbiq olunduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, namizədlərin imtahan binasına gəlib və imtahandan sonra qayıtmasına icazə veriləcək. Namizədlər imtahana tibbi maska ilə gəlməli və şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər
COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına daxil olan namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər