Astronomlar: Günəş küləyi Veneranın atmosferindən atomları açıq kosmosa aparır

Astronomlar: Günəş küləyi Veneranın atmosferindən atomları açıq kosmosa aparır “BepiColombo” kosmik aparatı Günəş küləyinin Veneranın atmosferi ilə necə toqquşduğunu və onun atomlarını açıq kosmosa apardığını ilk dəfə olaraq izləyib. Bu barədə məlumat Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) saytında yer alıb.
Məlumatda Veneranın eyni vaxtda üç kosmik missiya tərəfindən müşahidə edildiyi bildirilir. Məlum olub ki, MMO zondunun alətləri plazmanın vəziyyətini izləyə bilər və Veneradan qaçan ionları, hətta onların Merkuriyə tranzit etdiyi qeyri-optimal konfiqurasiyada “görə” bilər.
“BepiColombo” Merkurinin tədqiqinə dair Avropa Kosmik Agentliyinin və JAXA-nın birgə missiyasıdır. Zond Günəş sisteminin birinci planetinə yolunda Venera ətrafında bir neçə qravitasiya manevri etməlidir.
İlk belə yaxınlaşmanı “BepiColombo” oktyabrın ortasında həyata keçirib və planetin yaxınlığından 10,7 min kilometr məsafədə ötüb. Alimlər bu imkandan alətin elmi missiyasını yoxlamaq, habelə Veneranın atmosferinin xüsusiyyətləri haqqında daha çox məlumat əldə etmək məqsədilə istifadə ediblər. Onlar missiyanın Avropa hissəsinə aid MPO zondunda quraşdırılmış yeddi aləti və Yaponiyaya aid hissədə MMO-da olan üç aləti işə salıblar. Astronomlar, ilk növbədə, Veneranın atmosferinin xüsusiyyətlərini, o cümlədən onun temperaturunu, müxtəlif yüksəkliklərdə möhkəmliyini, habelə kimyəvi tərkibini öyrənmək istəyiblər. Paralel olaraq müşahidə daha iki kosmik aparatla – planetlərarası “Akatsuki” zondu (2015-ci ildən Veneranın orbitindədir) və “Hisaki” teleskopu (2013-cü ildən kosmosa göndərilib) ilə aparılıb.
Onların məlumatlarını toplayan yapon planetoloqlar Günəş küləyinin Veneranın atmosferinin yuxarı qatlarından atomları necə apardığının üçölçülü təsvirini əldə ediblər. Alimlərin fikrincə, bu məlumat onların həmkarlarına Veneranın atmosferinin necə sürətlə seyrəldiyini qiymətləndirməyə, ilk dəfə olaraq planetin sərhədinin xüsusiyyətlərini tədqiq etməyə imkan yaradacaq.
Planetoloqlar əlavə məlumatları 2021-ci ilin avqustunda Venera ilə ikinci yaxınlaşma zamanı əldə etməyə çalışırlar.

Tehsil-press.az

Oxşar xəbərlər