Alimlər: İsti hava it gənəsini insana doğru yönəldir

Alimlər: İsti hava it gənəsini insana doğru yönəldir İt gənəsi rikketsiya bakteriyalarını daşıyır ki, bu da insan üçün kifayət qədər təhlükəli ola bilər. Məsələn, onlar Rocky Mountain ləkəli qızdırma xəstəliyini törədir. Bu xəstəlik hətta antibiotiklərlə vaxtında müalicə ediləndə ölüm halları 5-8 faiz olur, antibiotikdən istifadə edilməyəndə xəstələrin 30 faizi ölür. İt gənəsi Konqo-Krım hemorragik qızdırma virusunu da daşıyır ki, ondan ölüm halları 2-50 faiz arasında dəyişir.
Deyvis Kaliforniya Universitetindən (ABŞ) bir qrup tədqiqatçı böyük taxta qutularda yerləşdirilən itlərlə və insanlarla eksperiment aparıb. Qutular plastik trubalar vasitəsilə birləşdirilib. Hər trubanın ortasına 20 gənə qoyularaq, onların hansı tərəfə sürünəcəyi müşahidə edilib. (İnsanlar və itlər tor vasitəsilə qorunduğundan gənələr onlara keçə bilməyib). Eksperiment +23,3 °С və +37,8 °С temperaturlarda aparılıb.
Məlum olub ki, mülayim temperaturda it gənələrinin əksəriyyəti heç bir tərəfə sürünməyib. Sürünməyə başlayanlar da iti seçib. Yüksək temperaturda vəziyyət dəyişir: passiv gənələrin sayı azalır, aktivləşənlər isə əsasən insan tərəfə yönəlir.
“LiveScience”in yazdığına görə, yalnız isti yerlərdən toplanmış gənələrin davranışında aşkar dəyişiklik müşahidə edilib. Mülayim temperaturlu ərazilərdə yaşayan gənələrin eksperimental istiyə münasibəti bütövlükdə laqeyd olub, 37,8 °С dərəcə temperaturda bu və ya digər sahibə yönəlmək meyili dəyişməyib. Tədqiqatçılar əldə etdikləri nəticələri Amerika Tropik Xəstəliklər və Gigiyena Cəmiyyətinin illik konfransında təqdim ediblər.
Gənələrin isti temperaturda insanları seçməsinin və isti iqlimdə olan gənələrin davranışındakı dəyişikliyin səbəbləri hələ məlum deyil. Ancaq yeni məlumatlar it gənəsinin insanı məhz isti iqlimdə dişləməsi barədə daha əvvəlki müşahidələrin nəticələrinə uyğun gəlir. Səbəbindən asılı olmayaraq, onların davranışının bu xüsusiyyətini müxtəlif sanitar-epidemioloji proqnozlarda nəzərə almaq lazımdır.

Tehsil-press.az

Oxşar xəbərlər