Əlyazmalar İnstitutunda il ərzində mühüm elmi nəticələr əldə edilib

Əlyazmalar İnstitutunda il ərzində mühüm elmi nəticələr əldə edilib Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının 2020-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı onlayn hesabat iclası keçirilib.
İclasda elmi müəssisənin direktoru, akademik Teymur Kərimli institut əməkdaşları tərəfindən maddi-mənəvi dəyərlərimizin təbliği istiqamətində cari ildə əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, postpandemiya dövründə bu qəbil layihələrə xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb.
İnstitutun illik fəaliyyətinə dair hesabat məruzəsini təqdim edən müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov Azərbaycan Prezidentinin, Nazirlər Kabinetinin müvafiq fərman, qərar və sərəncamları, eləcə də dövlət proqramlarının icrası ilə əlaqədar görülən işləri diqqətə çatdırıb. Bildirib ki, “Könüllülər İli” çərçivəsində ölkəmizin ali təhsil ocaqlarının tələbə könüllüləri ilə birgə bölgələrdən təqdim olunan əlyazmaların toplanmasını həyata keçirmək üçün maarifləndirmə işləri və müxtəlif tədbirlər həyata keçirilib, “Əlyazmalar İnstitutunun fondlarının zənginləşməsində könüllülük hərəkatının rolu” mövzusunda tədqiqat işi aparılıb.
Ə.Nəcəfov aparılan tədqiqat işləri, transfoneliterasiya, yeni nəşrlər, onlayn sərgilər və digər məsələlərlə bağlı ətraflı məlumat verib. Qeyd edilib ki, dövlət başçısının 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında müvafiq Sərəncamına uyğun olaraq müxtəlif layihələr gerçəkləşdirilib, o cümlədən bu mövzuda rəqəmsal baza hazırlanıb. Əbdürrəhim bəy Haqverdiyevin və Nəriman Nərimanovun 150, Məhəmməd Hadinin 140 illik yubileyləri, o cümlədən milli mətbuatımızın 145 illik yubileyi çərçivəsində də əhəmiyyətli əməli tədbirlər görülüb.
2020-ci ilin həm də Əlyazmalar İnstitutunun 70 illik yubiley tarixi ilə əlaqədar əlamətdar olub. Bu münasibətlə “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans Bakı və Naxçıvan şəhərlərində onlayn qaydada keçirilib. 70 illik məlumat bazası əsasında Əlyazmalar İnstitutunun fəaliyyətinin elmmetrik təhlili aparılıb, “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu – 70” adlı biblioqrafiyası nəşrə hazırlanıb. İnstitutda Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələrinin - türkdilli, farsdilli, ərəbdilli, multidissiplinar əlyazmaların, daşbasma kitablarının, tarixi-arxeoqrafik sənədlərin, şəxsi arxivlərin toplanması, sistemə salınması, qorunması, tədqiqi, kataloqlaşdırılması, biblioqrafiyaların hazırlanması, resursların elektronlaşdırılması, beynəlxalq arenaya çıxarılması və təbliği istiqamətində 4 problem üzrə 13 elmi-nəzəri, tətbiqi və elmi-praktiki mövzu ətrafında 62 işin müvafiq mərhələləri uğurla həyata keçirilib. İnstitutun beynəlxalq əlaqələri istiqamətində də uğurlar əldə olunub. UNESCO-nun Cənubi Koreya Milli Komitəsinin təşkilatçılığı ilə keçirilmiş onlayn tədbirlərdə Əlyazmalar İnstitutunda mühafizə olunan Xurşidbanu Natəvanın “Gül dəftəri” əlyazmasının “Dünya yaddaşı” reyestrinə daxil edilməsi ilə bağlı ilkin qərar qəbul olunub. İlk dəfə olaraq “Molla Nəsrəddin” jurnalının tam elektron veb-arxivinin yaradılması üçün müvafiq materialların müəyyənləşdirilməsi, toplanılması və elektronlaşdırılması işləri həyata keçirilib.
Məruzədə impakt faktorlu jurnallarda çapa təqdim olunan məqalələr, əməkdaşların elmi əsərlərinə olunan istinadlar, əlyazmaların rəqəmsallaşdırılması, elektron kitabxananın yaradılması üzrə görülən işlər də diqqətə çatdırılıb.
İclasda, institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Paşa Kərimov, şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Mustafayeva, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov və digərləri hesabat məruzəsi ətrafında çıxış ediblər.
Sonda akademik Nizami Cəfərov çıxış edərək Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 2020-ci ildəki fəaliyyətinin uğurlu olduğunu qeyd edib və müəssisənin illik hesabatını yüksək qiymətləndirib.

Tehsil-press.az



Oxşar xəbərlər