“Kolleksiyalarda və dünya kitabxanalarında Azərbaycan əlyazmaları” mövzusunda vebinar keçirilib

“Kolleksiyalarda və dünya kitabxanalarında Azərbaycan əlyazmaları” mövzusunda vebinar keçirilib AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları “Zoom: Video Conferencing” platforması üzərindən keçirilən “Kolleksiyalarda və dünya kitabxanalarında Azərbaycan əlyazmaları” adlı elmi vebinarda iştirak ediblər.
Vebinarın moderatoru Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Şəhla Xəlilli xalqımızın əsrlərboyu yaratdığı mənəvi sərvətlər xəzinəsində xüsusi yer alan yazılı abidələrdən, Azərbaycan əlyazma kitabının mövzu və məzmun baxımından zənginliyindən danışıb, Əlyazmalar İnstitutunun fondlarında qorunan əlyazma kolleksiyaları barədə məlumat verib.
Trabzon Universitetinin müəllimi Kamran Abdullayev çıxışında Azərbaycanda olan əlyazma kolleksiyalarında, dünya kitabxana, muzey və arxivlərində mühafizə olunan Azərbaycan müəlliflərinin qələminə məxsus əlyazmalardan, ölkəmizdə kitabxana işinin tarixindən və xəttatlıq məktəblərindən söz açıb.
Sonra Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə çıxış edərək institutun fondunda mühafizə olunan 5 mühüm və qədim əlyazmanın UNESCO-nun “Dünya Yaddaşı” siyahısına əlavə edildiyini vurğulayıb.
Dialoqa qatılan Ora əsr Ağsu şəhər Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli isə Əlyazmalar İnstitutundakı bütün əlyazmaların UNESCO-nun adıgedən siyahısına salınmağa layiq olduğunu vurğulayıb. Bu istiqamətdə elmi müəssisənin direktoru, UNESCO-nun “Dünya Yaddaşı” Proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədri, akademik Teymur Kərimlinin gördüyü işləri yüksək qiymətləndirib.
İnstitutun Əlyazmaların və əski çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Zəkiyyə Əbilova XI əsr müəllifi Xətib Təbrizinin şərhinin avtoqraf nüsxəsi haqqında danışıb, bu nüsxənin əlyazmaşünaslar tərəfindən tədqiqinin elmi əhəmiyyət daşıdığını bildirib.
Qeyd edək ki, vebinar Əlyazmalar İnstitutu və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin əməkdaşlığı çərçivəsində təşkil olunub.

Tehsil-press.az

Oxşar xəbərlər