ABŞ-ın 4 sabiq prezidenti Vaşinqtondakı iğtişaşları pislədi

ABŞ-ın 4 sabiq prezidenti Vaşinqtondakı iğtişaşları pislədi ABŞ-ın keçmiş prezidentləri – Barak Obama, Bill Klinton, kiçik Corc Buş və Cimmi Karter ayrı-ayrı yazılı bəyanatlarda Vaşinqtonun mərkəzindəki iğtişaşları pisləyiblər.
Demokratlar - Obama və Klinton baş verənlərə görə məsuliyyəti ABŞ-ın hazırkı lideri Donald Trampın üzərinə qoyublar.
Xüsusilə, Obama qeyd edib ki, respublikaçı “Kapitolidə zorakılığı qızışdırıb”. Obamanın sözlərinə görə, baş verənlər ABŞ üçün “biabırçılıqdır”.
Klintonun fikrincə, ABŞ-ın hazırkı Prezidenti və onun tərəfdarları “onun uduzduğu seçkilərin nəticələrini ləğv etmək üçün” vəziyyəti gərginləşdiriblər. Klinton iğtişaşları ABŞ-ın siyasi institutlarına “görünməmiş hücum” adlandırıb.
Demokrat olan Karter də zorakılığı pisləyib və iğtişaşların iştirakçılarını dağılmağa çağırıb. O vurğulayıb ki, ötən ilin noyabrında keçirilmiş və Cozef Baydenin qələbə qazandığı seçkinin nəticələrini təsdiq etmək lazımdır.
Respublikaçı kiçik Buş qeyd edib: “Seçkilərin nəticələri ilə bağlı belə mübahisələri bizim demokratik respublikada deyil, banan respublikalarında edirlər”. “Seçkidən sonra bəzi siyasi liderlərin özlərini necə ağılsız aparmaları, həmçinin bu gün institutlarımıza, ənənələrimizə və hüquq-mühafizə orqanlarına hörmətsizlik məni sarsıtdı”, - deyə eks-prezident əlavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər