“Qarabağ Azərbaycandır!” intellektual müsabiqəsinin yekunlarına həsr olunmuş onlayn görüş

“Qarabağ Azərbaycandır!” intellektual müsabiqəsinin yekunlarına həsr olunmuş onlayn görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Qarabağ Azərbaycandır!” intellektual müsabiqəsinin yekunlarına həsr olunmuş onlayn görüş keçirilib.
Görüşdə BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müsabiqənin final mərhələsinin iştirakçıları iştirak ediblər.
Müsabiqə iştirakçılarını təbrik edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva yekun tədbirin bu gün keçirilməsinin heç də təsadüf olmadığını vurğulayıb. Bildirib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar hadisələrindən otuz bir il keçir.
İdarə müdiri Qarabağ probleminin həlli istiqamətində Azərbaycan xalqının apardığı mübarizə tarixinin bizi 20 Yanvar hadisələrindən keçirib müstəqilliyə və zəfərə qovuşdurduğunu diqqətə çatdırıb. M.Vəliyeva 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı parlaq Qələbədən bəhs edərək Vətəni sevmək, onu qorumaq, baş verən tarixi hadisələri unutmamaq və gələcək nəsillərə ötürmək üçün təhsil sahəsində mühüm işlər görüldüyünü bildirib. “Qarabağ Azərbaycandır!” müsabiqəsinin də bu istiqamətdə atılan addımlardan olduğunu söyləyib.
Müsabiqəyə qatılan 294 şagirdin hər birinin, əslində, bir əsgər olduğunu deyən M.Vəliyeva onlara uğurlar arzulayıb.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov 20 Yanvar hadisələrinin xalqımızın zəfər yolunun başlanğıcı kimi mühüm tarixi və rəmzi mənaya malik olduğunu vurğulayıb. Ermənistanın illərdir davam edən işğalçılıq siyasətinə Azərbaycan xalqının Vətən müharibəsi ilə son qoyduğunu bildirib.
H.Əsgərov xalqımızın Müzəffər Ali Baş Komandanın qətiyyəti, ordumuzun əzmi sayəsində tariximizin ən parlaq və unudulmaz zəfərlərindən birini yaşamasını, yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığını müxtəlif müsabiqələr, tədbirlər vasitəsilə məktəblilərin də nəzərinə çatdırıldığını deyib.
Daha sonra “Qarabağ Azərbaycandır!” müsabiqəsinin final mərhələsinin qalibləri haqqında videoçarx nümayiş olunub.
Görüş ədəbi-bədii kompozisiyalar ilə davam edib.
Qeyd edək ki, VIII-XI sinif şagirdləri arasında təşkil olunan “Qarabağ Azərbaycandır!” intellektual müsabiqəsinin nəticələrinə əsasən, 244 nömrəli tam orta məktəbin şagirdi Nihad Məlikov və 7 nömrəli tam orta məktəbin şagirdi Ülvi Hüseynzadə I, 142 nömrəli tam orta məktəbin şagirdi Aysun Rüstəmova və 290 nömrəli tam orta məktəbin şagirdi Azər Əzizov II, 45 nömrəli tam orta məktəbin şagirdi Nicat Musayev, 180 nömrəli tam orta məktəbin şagirdi Səfa Kərimli və 67 nömrəli tam orta məktəbin şagirdi Samin Hüseynov III yerə layiq görülüblər. Müsabiqədə fərqlənən 12 nömrəli tam orta məktəbin şagirdi Nicat Ağayev və 165 nömrəli tam orta məktəbin şagirdi Valeh Yusibli isə həvəsləndirici yeri tutublar.
Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər