Fənn olimpiadalarının şəhər mərhələsində paytaxt üzrə 5 min 488 şagird iştirak edib

Fənn olimpiadalarının şəhər mərhələsində paytaxt üzrə 5 min 488 şagird iştirak edib Respublika fənn olimpiadalarının şəhər mərhələsi başa çatıb. Üç gün davam edən olimpiadaların şəhər mərhələsində paytaxt üzrə 5 min 488 şagird iştirak edib. Məktəblilər riyaziyyat, informatika və fizika fənləri üzrə 150 dəqiqə, biologiya, kimya, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri üzrə isə 90 dəqiqə ərzində biliklərini sınayıblar.
Olimpiadaların şəhər mərhələsinin nəticələri yaxın günlərdə açıqlanacaq. Uğur qazanmış şagirdlər olimpiadanın növbəti mərhələsində iştirak etmək hüququ qazanacaq.
Olimpiadaların Bakı şəhər mərhələsi paytaxtdakı 18 imtahan mərkəzində təşkil edilib. Olimpiadalar Binəqədi rayonu üzrə 3 və 276, Nərimanov rayonu üzrə 36 və 47, Nəsimi rayonu üzrə 54 və 46, Nizami rayonu üzrə 229 və 32, Qaradağ rayonu üzrə 139, Sabunçu rayonu üzrə 96 və 271, Suraxanı rayonu üzrə 114, Xətai rayonu üzrə 138 və 245, Xəzər rayonu üzrə 124, Pirallahı rayonu üzrə 235, Yasamal rayonu üzrə 18, Səbail rayonu üzrə isə 189-190 nömrəli tam orta məktəblərdə keçirilib.
Olimpiadaların təşkil edilməsi istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədlərinə xidmət edir.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva da paytaxtın bir sıra ümumi təhsil müəssisələrində fənn olimpiadalarının təşkili prosesi ilə yaxından tanış olub.

Tehsil-press.az

Oxşar xəbərlər