Monitorinq Mərkəzinin növbəti görüşü ifaçılıq sənətində Azərbaycan dilinin düzgün tətbiqi mövzusuna həsr olunub

Monitorinq Mərkəzinin növbəti görüşü ifaçılıq sənətində Azərbaycan dilinin düzgün tətbiqi mövzusuna həsr olunub Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən “İfaçılıq sənətində Azərbaycan dilinin düzgün tətbiqi” mövzusunda dilçi alimlər, müsiqişünaslar, şairlər, mədəniyyət və incəsənət xadimləri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva açaraq görüşün əsas məqsədinin ifaçılıq sənətində Azərbaycan dilinin düzgün tətbiqinin qorunması olduğunu deyib, bunun üçün müxtəlif sahələrlə əməkdaşlığın vacibliyini bildirib.
S.Əliyeva rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə də məlumat verib. Bildirib ki, 2020-ci il oktyabrın 15-dən fəaliyyətə başlayan Monitorinq Mərkəzinin əsas məqsədi Azərbaycan dilinin saflığının qorunmasıdır. Monitorinq Mərkəzində iki şöbə fəaliyyət göstərir. Qısa müddət ərzində 60-dan çox saytda monitorinq aparılıb, 5 minə yaxın dil faktı qeydə alınıb. Yaxın günlərdə qurumun saytı istifadəyə veriləcək.
Monitorinq Mərkəzinin baş mütəxəssisi, Əməkdar artist Aygün Qurbanova “Azərbaycan musiqisində söz və ifanın vəhdəti” mövzusunda çıxış edib, müğənni və xanəndələrin ifasındakı dil qüsurlarından danışıb.
Tədbirdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədov “Mahnı mətnlərində ana dilimizin mənzərəsi” mövzusunda fikirlərini bildirib. Qeyd edib ki, cəmiyyət üçün təhsil, kitab, teatr nə qədər önəmlidirsə, musiqi də o qədər vacibdir. Sözləri zəif, bayağı olan mahnını nəinki peşəkar müğənnilər, hətta dinləyicilər də qəbul etmirlər. Deməli, musiqinin uzunömürlülüyü sözlə bağlıdır.
Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Tərlan Quliyev “Muğam və təsniflərimizin ifa edilməsində Azərbaycan dilinin tələffüz normaları” mövzusunda fikirlərini bölüşüb.
Görüşdə musiqişünaslar, xanəndə və müğənnilər ifaçılıq sənətində Azərbaycan dilinin düzgün tətbiqi ilə bağlı fikir və təkliflərini bildirib, respublikanın tanınmış incəsənət ustalarının ifasında bəstəkar və xalq mahnıları səsləndirilib.

Tehsil-press.az


Oxşar xəbərlər