“Cəfər Cabbarlı: lirik şeirlərdən monumental drama” mövzusunda inteqrativ dərs

“Cəfər Cabbarlı: lirik şeirlərdən monumental drama” mövzusunda inteqrativ dərs Xəzər Universitetində İqtisadiyyat və menecment fakültəsinin I kurs tələbələrinə Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalovanın və fənn müəllimi Qardaşxan Əzizxanlının moderatorluğu ilə “Cəfər Cabbarlı: lirik şeirlərdən monumental drama” mövzusunda inteqrativ onlayn dərs keçirilib.
Humanitar, təhsil və sosial elmlər fakültəsinin I kurs tələbələrinin də qatıldığı dərsdə C.Cabbarlı ev-muzeyinin direktoru, C.Cabbarlı Fondunun prezidenti Qəmər Bağırova iştirak edib.
Dosent Dilbər Zeynalova Cəfər Cabbarlının qeyri-standart və qlobal təfəkkürə malik fenomen bir insan olduğunu, ədibin geniş yaradıcılığını yenidən istiqlal işığında araşdırmaq, obyektiv elmi prinsiplər müstəvisində nəzərdən keçirmək lazım gəldiyini bildirib. O, “Azərbaycan bayrağına” şeirini də söyləyərək bu bədii mətnin bənzərsiz poeziya nümunəsi olduğunu vurğulayıb.
Cəfər Cabbarlı sənətinin Azərbaycan bədii və ictimai fikrinin inkişafında müstəsna rolundan danışan fənn müəllimi Qardaşxan Əzizxanlı, həmçinin M.Ə.Sabir yaradıcılığının gənc Cəfərə hansı təsirlərindən söhbət getdiyini, onun “mədəniyyətimizin qəhqəhə pilləsi” (S.Vurğun) adlandırılmasının nə kimi əsaslara söykəndiyini açıqlamağa çalışıb. Şekspirdən “Hamlet”i, “Otello”nu, Şillerdən “Qaçaqlar”ı Azərbaycan səhnəsinə gətirməklə C.Cabbarlının yaşadığı mühitə, əslində, dolayısı ilə öz münasibətini bildirdiyini söyləyib.
Unudulmaz dramaturqun nəvəsi Qəmər Bağırova C.Cabbarlı bioqrafiyasının və yaradıcılığının az məlum olan tərəflərinə işıq salan təqdimatla çıxış edərək, hələ çox gənc olan Cəfərin “Trablis müharibəsi və ya Ulduz”, “Ədirnə fəthi” pyeslərində türkün qəhrəmanlığını vəsf etməsindən danışıb. O, Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra C.Cabbarlının Müsavat Partiyası MK-nın baş katibi kimi fəaliyyətindən, 1923-cü ildəki həbsindən də söz açıb.
“Xəzər”li tələbələrdən “Ana” şeirini xüsusi şövqlə ifa edən Aysun Mamedova, habelə Əfsanə Dəmirçiyeva, Ehtiram Yarıyev və Əli Hüseynov böyük sənətkara dərin ehtiram və sevgilərini ifadə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər