Azərbaycanın 6 universiteti dünya reytinqində

Azərbaycanın 6 universiteti dünya reytinqində Böyük Britaniyanın "The Times Higher Education" nəşri dünyanın nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlini (Impact Rankings -2021) tərtib edib.
“Impact Rankings” Birləşmiş MillətlərTəşkilatının “Davamlı İnkişaf Məqsədləri”nə uyğun olaraq universitetlərin qiymətləndirildiyi yeganə qlobal effektivlik cədvəlidir. Reytinq universitetlərin 4 geniş sahədə - tədqiqat, informasiya-təbliğat, idarəetmə, təlim üzrə hərtərəfli və balanslı müqayisəsini təmin etmək üçün diqqətlə seçilmiş kriteriyalar əsasında tərtib olunur.
THE-nin sayca 3-cü “Impact Rankings” nəşrinə dünyanın 94 ölkəsindən (region) 1115 universitet daxildir. İlk dəfə olaraq ümumi reytinqə Böyük Britaniyanın Mançester Universiteti başçılıq edir. Avstraliyanın üç ali təhsil müəssisəsi - Sidney, RMIT və La Trobe universitetləri ilk dördlükdə təmsil olunurlar.
İqtisadiyyatı inkişaf etməkdə olan ölkələrin aparıcı təhsil müəssisələrinin siyahısına Taylandın Çulalonqkornu Universiteti (23-cü yer) liderlik edir.
Rusiya 75 ali təhsil müəssisəsi ilə cədvəldə ən çox təmsil olunan ölkədir. Daha sonra 73 universitetlə Yaponiya digər ölkələrdən irəlidədir.
Dünya reytinqinə Azərbaycanın isə 6 ali təhsil müəssisəsi daxildir. Xəzər Universiteti 401-600, Qərbi Kaspi Universiteti 601-800, Azərbaycan Memarlıq və İnşaat Universiteti 801-1000, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 801-1000, Bakı Mühəndislik Universiteti 801-1000, Bakı Dövlət Universiteti 1001+ aralığında yer alıblar.
Qeyd edək ki, reytinq Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilə qədərki dövr üçün formalaşdırdığı Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesinə ali məktəblərin təsirinin qiymətləndirilməsinə həsr olunub. Reytinqdə universitetlərin BMT-nin 17 məqsədinin həyata keçirilməsinə verdiyi töhfə dəyərləndirilir.
Daha ətraflı: www.timeshighereducation.com/impactrankings

Oruc MUSTAFAYEV



Oxşar xəbərlər