Sankt-Peterburqda Novruz bayramı münasibətilə xeyriyyə konserti təşkil olunub

Sankt-Peterburqda Novruz bayramı münasibətilə xeyriyyə konserti təşkil olunub Sankt-Peterburqun ən böyük “Ledovıy” konsert zalında Azərbaycan milli-mədəni muxtariyyətinin təşkilatçılığı, Azərbaycanın baş konsulluğunun, Sankt-Peterburq hökumətinin Xarici Əlaqələr Komitəsinin, Millətlərarası Münasibətlər və Miqrasiya Siyasəti Komitəsinin iştirakı ilə Novruz bayramına həsr olunmuş xeyriyyə konserti təşkil olunub.
Konsertdə Azərbaycan diasporunun və Sankt-Peterburq ictimaiyyətinin nümayəndələri, Sankt-Peterburq hökumətinin rəsmiləri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları, tələbələr, Baş konsulluğun əməkdaşları iştirak ediblər. Tədbiri Rusiyanın Əməkdar Artisti İrina Smolina və tanınmış bəstəkar və aparıcı Murad Arif aparıblar.
Xeyriyyə konsertinin rəsmi hissəsində tədbirin təşkilatçısı, Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviri, “Sankt-Peterburq Millətlər Şurası” Regionlararası ictimai təşkilatının prezidenti, Azərbaycan milli-mədəni muxtariyyətinin sədri Vaqif Məmişev, baş konsul Sultan Qasımov, MDB Parlamentlərarası Assambleyasının baş katibinin müavini, Milli Məclisin qurumdakı nümayəndəsi Aydın Cəfərov, Sankt-Peterburq hökumətinin Xarici Əlaqələr Komitəsinin sədr müavini Sergey Makarov və Millətlərarası münasibətlər və Miqrasiya Siyasəti Komitəsinin sədr müavini Vadim Okruşko çıxış ediblər.
Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviri, Azərbaycan diasporunun sədri Vaqif Məmişev tədbir iştirakçılarına Novruz bayramının tarixi mahiyyəti barədə məlumat verib, Novruzun dünya azərbaycanlıları və tarixən bu bayramı qeyd edən digər xalqlar üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, Novruz bayramının Sankt-Peterburqda qeyd olunması xoş ənənəyə çevrilib. Vaqif Məmişev Novruz münasibətilə keçirilən şənliklərdə Azərbaycan xalqının qədim adət-ənənələrinin təbliğ edildiyini və bu tarixi mirasın gələcək nəsillərə ötürüldüyünü söyləyib. Novruzun ilk növbədə baharın gəlişini təcəssüm etdirdiyini deyən V.Məmişev Azərbaycan diasporu tərəfindən keçirilən bayram tədbirlərinin Sankt-Peterburq ictimaiyyətinə digər xalqların adətləri ilə də tanış olmağa imkan yaratdığını vurğulayıb. O, Azərbaycanı və Rusiyanı tarixi əlaqələrin və dostluq münasibətlərinin birləşdirdiyini qeyd edib.
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov xalqımızın qədim adət və ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə keçirilən böyük xeyriyyə konsertinin təşkilinə görə Sankt-Peterburqdakı Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişevə təşəkkürünü bildirib. Sultan Qasımov qeyd edib ki, Azərbaycan xalqı üçün Novruz bayramı baharın, dostluğun və ruzi bərəkətin rəmzidir. Diplomat Sankt-Peterburqda yaşayan azərbaycanlıları və dost Rusiya xalqını Novruz bayramı münasibətilə təbrik edib, əmin-amanlıq və uğurlar arzulayıb. Baş konsul Sultan Qasımov diaspor sədri Vaqif Məmişevin soydaşlarımızın birliyi və Azərbaycan-Rusiya dostluq münasibətlərinin inkişafı uğrunda apardığı uğurlu xalq diplomatiyasını xüsusilə qeyd edib və həmvətənlərimizə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Çıxışının yekununda diplomat baş konsulluq adından Vaqif Məmişevə təşəkkürnamə təqdim edib.
MDB Parlamentlərarası Assambleyasının baş katibinin müavini, Milli Məclisin qurumdakı nümayəndəsi Aydın Cəfərov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək bayramın Sankt-Peterburqda qeyd olunmasının əhəmiyyətini vurğulayıb. O, həmçinin Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviri Vaqif Məmişevin Azərbaycan diasporunun inkişafındakı xidmətlərinin və həyata keçirdiyi tədbirlərin əhəmiyyəti barədə danışıb. Tədbirin rəsmi hissəsində çıxış edən Sankt-Peterburq hökumətinin Xarici Əlaqələr Komitəsinin sədr müavini Sergey Makarov və Millətlərarası Münasibətlər və Miqrasiya Siyasəti Komitəsinin sədr müavini Vadim Okruşko Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişevin Sankt-Peterburq şəhərinin inkişafı və abadlığı sahəsindəki fəaliyyətini, gördüyü işləri xüsusi qeyd ediblər, Azərbaycan icmasının Rusiyanın Şimal paytaxtının həyatındakı mühüm yeri barədə danışıblar.
Sonra Sankt-Peterburqdakı Azərbaycan diasporunun sədri Vaqif Məmişev Azərbaycan milli-mədəni muxtariyyətinin üzvlərini, RAGB fəallarını səmərəli fəaliyyətə görə mükafatlarla təltif edib.
Xeyriyyə konsertində Azərbaycandan dəvət edilmiş muğam ansamblı, Sankt-Peterburqun “Ataman” ansamblı, Rusiyanın məşhur “Qolos” televiziya müsabiqəsinin iştirakçısı, həmyerlimiz Azər Nəsibov, Azərbaycan Dövlət Filarmoniyasının uşaqlardan ibarət rəqs ansamblı, Şən və Hazırcavablar Klubunun “Sbornaya Baku” komandası, Azərbaycan estradasının tanınmış ulduzları Elnur Məmmədov, Murad Arif, Miri Yusif, Tünzalə Ağayevə və başqaları çıxış ediblər. Sankt-Peterburqun ən böyük konsert zalında təşkil olunmuş xeyriyyə tədbiri 5000-dən artıq tamaşaçı toplayıb, zəngin və maraqlı mədəni proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyətinin təşkilatçılığı və baş konsulluğun iştirakı ilə təşkil edilmiş xeyriyyə konserti yerli kütləvi informasiya vasitələrində, “Sankt-Peterburq” televiziya kanalı, o cümlədən Azərbaycan Televiziyası (AzTV) ilə yayımlanıb.

Təhsil-press.az

Oxşar xəbərlər