“Türkiyə-Azərbaycan arasında təhsil əməkdaşlığı” mövzusunda görüş keçirilib

“Türkiyə-Azərbaycan arasında təhsil əməkdaşlığı” mövzusunda görüş keçirilib Mayın 25-də Türkiyənin Qazi Universitetinin rektoru Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin rektorları arasında “Türkiyə-Azərbaycan arasında təhsil əməkdaşlığı” mövzusunda görüş keçirilib.
Tədbiri açan təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin ciddi əsaslara malik olduğunu qeyd edib. O bildirib ki, ulu öndər Heydər Əliyevin “Bir millər, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan, tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla davam edir. Bu gün Türkiyə əhəmiyyətli sosial-iqtisadi və elmi tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilib: “Qürur hissi ilə qeyd edə bilərik ki, qırılmaz tellərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə münasibətləri hazırda ən yüksək səviyyədədir. Dostluq və qardaşlıq üzərində qurulan dövlətlərarası münasibətlərimizin bu səviyyəyə gəlib çatmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın misilsiz rolu var. Çoxşaxəli ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi yolunda onların qətiyyətli siyasəti, qardaş ölkənin Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvidə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək həmişə xatirimizdə qalacaq”.
Nazir müavini vurğulayıb ki, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ölkələrimiz arasında əlaqələr daim inkişaf edir. Müasir dövrün tələbləri elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir. Bu baxımdan yüksəkixtisaslı kadr hazırlığı məqsədilə xarici ölkələrin, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirilməsi universitetlərin prioritet istiqamətləri kimi müəyyənləşdirilib. 2018-ci ildə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə “2019-2023 illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının icra istiqamətlərinə yerli ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarının təsis edilməsi və Azərbaycan vətəndaşlarının nüfuzlu xarici ali məktəblərdə doktorantura səviyyəsi üzrə təhsilinin təşkili aiddir. Dövlət Proqramı çərçivəsində təsis edilməsi nəzərdə tutulan 5 beynəlxalq ikili diplom proqramından artıq 3-ü 2020-ci ildən həyata keçirilir. Bu proqramlar üzrə hazırda 115 tələbə təhsil alır. Bununla yanaşı, Türkiyənin müvafiq universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında ikili diplom proqramının təsis edilməsi istiqamətində danışıqlar aparılır. Dövlət Proqramının ikinci istiqaməti üzrə 80-ə yaxın gənc tədqiqatçı təhsilini inkişaf etmiş xarici dövlətlərdə davam etdirir. Onların arasında Türkiyədə təhsil alan tələbələr üstünlük təşkil edir: “Bildiyimiz kimi, Qazi Universiteti Türkiyədə tibb təhsili üzrə yüksəkixtisaslı mütəxəssis hazırlığı sahəsində böyük təcrübəyə malikdir. Bu səbəbdən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq hüququ qazanan 50-yə yaxın Azərbaycan vətəndaşından 38-i məhz Qazi Universitetinin tibb ixtisasını seçib”.
Firudin Qurbanov diqqətə çatdırıb ki, Azərbaycanda təhsil alan 90 ölkənin əcnəbi tələbələri arasında Türkiyə vətəndaşlarının sayı 40 faizdən çoxdur. Türkiyədə isə 23 min Azərbaycan vətəndaşı təhsil alır.
Son bir il ərzində COVID-19 pandemiyası dünyanın bütün ölkələrində tam fərqli bir vəziyyət yaradıb. Sosial-iqtisadi prioritetlərə yenidən baxılmasını zəruri edib. Pandemiyanın əhəmiyyətli dərəcədə təsir etdiyi sahələrdən biri də təhsildir. Yaranmış vəziyyət göstərdi ki, dəyişən dünyada təhsil transformasiyaya hazır olmalıdır. Pandemiya şəraitində tədrisin təşkili məhz informasiya və rəqəmsal texnologiyaların tətbiqi ilə mümkün oldu. Mövcud vəziyyətdə təhsilin davamlılığını təmin etmək üçün vacib amillərdən biri də birgə fəaliyyəti gücləndirmək, yaranmış çətinliklərlə mübarizədə səyləri birləşdirməkdir: “70 minlik tələbə kontingentinə ev sahibliyi edən bir əsrlik tarixə malik Qazi Universitetinin mühəndislik sahəsindəki təcrübəsini nəzərə alaraq Azərbaycan Texniki Universiteti mövcud əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə bakalavr pilləsində maşın mühəndisliyi, metallurgiya və materiallar mühəndisliyi, elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramları təsis olunması istiqamətində Qazi Universiteti ilə müqavilə imzalayıb. Qazi Universiteti ilə Mingəçevir Dövlət Universiteti və Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. İnanıram ki, nümayəndə heyətinin səfəri çərçivəsində imzalanan müqavilələr və aparılan müzakirələr Azərbaycan və Türkiyə universitetləri arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək. Birgə tədqiqatların aparılması, tələbə-müəllim mübadiləsi və mütəxəssislərin cəlb olunması sahəsində əlaqələri daha da genişləndirəcək”.
Qazi Universitetinin Rektoru Musa Yıldız Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında qurulan əməkdaşlıqların yüksək nəticələr verəcəyindən əminliyini ifadə edib. Rektor rəhbəri olduğu universitetin təqdimatını edib, ali təhsil müəssisəsi haqqında geniş məlumat verib.
Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər