Tələbələr ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı barədə məlumatlandırılıb

Tələbələr ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı barədə məlumatlandırılıb Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramına 2021-2022-ci tədris ili üçün qəbulla bağlı canlı yayım təşkil olunub.
Onlayn tədbirdə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli proqram haqqında ətraflı məlumat verib. Bildirib ki, proqrama qəbul “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti və Amerikanın Corc Vaşinqton universiteti ilə birgə aparılır. Qeyd edib ki, tələbələr proqram üzrə Corc Vaşinqton Universitetində “Təhsil və insan inkişafı”, “Təhsil siyasəti və liderlik”, Azərbaycan Dövlət Pedaqoji Universitetində “Menecment” ixtisasları üzrə təhsil ala biləcəklər. Proqram çərçivəsində tələbələr təhsil sahəsində siyasi təhlil və inkişaf proqramlarını hazırlamaq, mövcud layihələri tədqiqat alətləri ilə qiymətləndirmək, beynəlxalq təcrübəni öyrənmək sahəsində biliklər əldə edəcəklər.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İşçi qrupunun rəhbəri Turan Topalova məlumat verib ki, proqramın əsas məqsədi qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislər yetişdirmək, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirməkdir. Artıq 25 tələbə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı çərçivəsində təhsil alır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin proqram direktoru Tofiq Əhmədov və Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova proqrama qəbul qaydaları haqqında ətraflı məlumat veriblər. Tələbələrin seçimi zamanı üstünlük verilən meyarlar haqqında danışıblar.
Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən təşkil olunan canlı yayımda izləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər