BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək Bakı Dövlət Universitetində (BDU) Fransanın Lyon 2 Universitetinin hüquq fakültəsinin dekanı, professor Giyoni Protyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Görüşdə bu ali məktəbin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində əldə olunan nailiyyətləri qeyd edib, Azərbaycanın 2005-ci ildən qoşulduğu Bolonya prosesi çərçivəsində ali təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən ikili diplom proqramlarının əhəmiyyəti barədə məlumat verib.
Ötən ilin mayında Fransanın paytaxtı Paris şəhərində Avropa Ali Təhsil Məkanı nazirlərinin konfransında iştirak etdiyini bildirən F.Qurbanov tədbirin ali təhsil sahəsində növbəti 10 il üçün ortaq dəyərlərin müəyyənləşdirilməsi və ölkələrarası ali təhsil sahəsində qarşılıqlı əlaqələrin istiqamətində müzakirələrin aparılması baxımından səmərəli olduğunu vurğulayıb. 100 illik yubiley ərəfəsində olan BDU-nun beynəlxalq əlaqələrindən danışan F.Qurbanov Fransa universitetləri ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Görüşdən məmnun qaldığını bildirən professor Giyoni Protyer elm, təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Universitetlərarası münasibətlərin perspektivləri barədə aparılan görüşün nəticəsi olaraq Bakı Dövlət Universiteti və Lion 2 Universitetinin müəllim və tələbə heyətinin elm və təhsildə əlaqələrinə böyük önəm verərək, əqli mülkiyyət hüququ fənninin peşəkar səviyyədə tədrisini, habelə sözügedən sahənin cəmiyyətdə aktuallığını nəzərə alaraq BDU-nun hüquq fakültəsi ilə Lion 2 Universitetinin hüquq fakültəsinin magistratura pilləsində “Əqli mülkiyyət hüququ” sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə niyyət protokolu imzalanıb.
Protokolda birgə seminarlar, simpoziumlar, konfransların keçirilməsi, “Əqli mülkiyyət hüququ” sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığı məqsədilə mütəxəssis mübadiləsinin həyata keçirilməsi və s. məsələlər öz əksini tapıb.
Qeyd edək ki, Lyon Universiteti 1809-cu ildə təsis edilib. 1874-cü ildən bu universitetdə hüquq fakültəsi yaradılıb və 1960-cı illərdə həmin universitet iki müstəqil ali təhsil müəssisəsinə ayrılıb. Hazırda Lyon Universiteti Lyon 1, Lyon -2 və Lion 3 adlı üç müstəqil ali təhsil müəssisəsindən ibarətdir. Bütövlükdə isə bu şəbəkədə 127 min tələbə təhsil alır. Lyon 1 Universiteti tibb və təbiət elmlərini, Lyon 2 Universiteti hüquq, iqtisadiyyat və humanitar fakültələri, Lyon 3 Universiteti isə əsasən elmi-tədqiqat institutlarını birləşdirir. Universitetdə yeddi böyük kitabxana fəaliyyət göstərir, bir nəfər Nobel mükafatçısı var.

BDU-nun Mətbuat Xidməti


BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Oxşar xəbərlər